ABŞ-də fəaliyyətini davam etdirmək və yeni hüquqi tələblərə uyğunlaşmaq məqsədilə “TikTok” ölkə daxilində “TikTok USDS Joint Venture LLC” adlı birgə müəssisə yaradıb. Razılaşmaya əsasən, ABŞ investorları şirkətdə pay sahibi olacaq, “ByteDance” isə öz payını 19,9 faiz səviyyəsinə endirəcək.
Ölkədəki istifadəçilər “TikTok”un qlobal məzmununa çıxışı davam etdirəcək, lakin platformanın tövsiyə alqoritmi ABŞ bazarı üçün ayrıca şəkildə yenidən öyrədiləcək və test olunacaq. Şirkətin idarə heyəti əsasən amerikalı üzvlərdən ibarət formalaşdırılıb. Platformanın ABŞ üzrə filialına Adam Presser rəhbərlik edəcək. Təhlükəsizlik və məlumat məxfiliyi üzrə məsuliyyət isə Uill Farrellə həvalə olunub.
Yeni müəssisə ABŞ üçün məzmun moderasiyası və istifadəçilərə təqdim olunan kontentin idarəsini də öz üzərinə götürəcək. Bu struktur eyni zamanda “CapCut” və “Lemon8” kimi “ByteDance”ə məxsus tətbiqlərin ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan yaradacaq. Hazırda istifadəçilər platformada ciddi dəyişiklik hiss etməsələr də, bəzi məzmun yaradıcıları son həftələrdə baxış saylarında azalma müşahidə etdiklərini bildirirlər. Bunun yeni arxa plan dəyişiklikləri ilə əlaqəli olub-olmadığı isə hələlik məlum deyil.
“TikTok”un ABŞ-də uzunmüddətli gələcəyinin necə formalaşacağı isə hələ də qeyri-müəyyəndir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”