EN

ADPU-nun Türkoloji Mərkəzində 6 dildə “Danışıq lüğəti” çap olunub

Bakı, 23 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Müasir dövrdə dildə və mədəniyyətdə diferensiasiya prosesinin qloballaşan inteqrasiyanın əksinə olaraq güclənməsi qanunauyğundur. Bunun ən başlıca səbəbi xalqların milli mənliyinin, milli özünüdərk hissinin güclənməsi ilə bağlıdır. Bu proses bütün dünyada müşahidə olunur. Müasir Türk dünyasında da dil siyasəti dövlətin, türk xalqlarının prioritet məsələsi kimi müşahidə olunur. Məsələn, Azərbaycanda ingilis və digər xarici dillərin öyrənilməsinə diqqət yetirilməsi, bu dillərdə təhsilə meyilin artması Azərbaycan dilinin daşıyıcılarının azalmasına təhlükə yarada biləcəyi inandırıcı görünmür. Bu, milli qürurla bağlı məsələdir. O insanın ki, dillə bağlı qüruru var, hansı dildə təhsil almasından asılı olmayaraq, ailədə, ictimai yerlərdə dilini sevərək, fəxrlə doğma dilində danışacaq. Hər bir xalq vahid dünyaya milli kimliyini təqdim etməklə daxil olmaq istəyir və bu hiss müasir dövrümüzdə daha güclü şəkildə özünü göstərir. Belə səbəblərdən biri psixoloji xarakter daşıyır.

Digər türk xalqları da bu məsələyə çox ciddi yanaşırlar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkoloji Mərkəzinin Türk dilləri şöbəsində tərtib olunmuş “Danışıq lüğəti” Türk dünyasında baş verən proseslərin araşdırılması kontekstində hazırlanıb. Lüğət 6 dildə - Azərbaycan, türk, özbək, qazax, qırğız və türkmən dillərində nəşr edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türkoloji Mərkəzin şöbə müdiri professor Mirvari İsmayılova məlumat verib. O qeyd edib ki, lüğət Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və müşahidəçi üzv Türkmənistanın müasir əlifbası ilə ədəbi danışıq dilləri əsasında tərtib olunub: “Lüğətə gündəlik həyatda daha tez-tez istifadə olunan işlək ifadələr daxil edilib. Bu lüğətin tərtibi türk xalqları arasında ümumi anlaşma dilinin formalaşmasına köməkçi vasitə kimi nəzərdə tutulub.

Digər tərəfdən, bu lüğət həmin dillərdə uzun müddət bir-birindən ayrı inkişaf etdikdən sonra müstəqil şəkildə yaranmış fonetik, morfoloji və sintaktik, bəzən də leksik dəyişmələri müəyyən etməyə, ümumi anlaşmanı asanlaşdırmağa kömək edə bilər. Bu və bu kimi digər lüğətlərin tərtibi ortaq türk dilinin konturlarını müəyyən etməyə keçid mərhələsinə yardımçı ola bilər. Çünki türk dillərinin sonrakı mərhələlərində inteqrasiya və diferensiasiya proseslərindən hansının daha əhəmiyyətli rol oynayacağını, ortaq türk dilinin perspektivlərini müəyyən etmək və bu prosesdə ortaq türk əlifbasının təsir mexanizmlərinin müəyyənləşdirilməsi bir çox türkoloq alimləri, qabaqcıl fikirli insanları düşündürür”.

M.İsmayılova əlavə edib ki, bu prosesə Türk dünyasında necə yanaşıldığını izləmək maraqlıdır: “İnteqrasiya diferensiasiyadan fərqli olaraq dillərin sıx kontakt qurmasına aparır, nəticədə qohum və qohum olmayan dillərdə ümumi struktur elementlər və əlamətlər meydana çıxır. Dillərin fonetik, leksik və qrammatik sistemində olan eynilik, eləcə də alınmaların çoxluğu səbəbi də bu proseslə bağlıdır. Məsələn, müasir dövrümüzdə türk xalqlarının ortaq türk dili yaratmaq istəyi Türk dünyasında inteqrasiya prosesinin güclənməsi nəticəsində olub və bu, türk dövlətlərinin sıx kontakt, ünsiyyət qurmaq istəyinin göstəricisidir. Nəticədə qohum dillərin yaxınlığı sayəsində ümumi struktur elementlərin və əlamətlərin meydana çıxması ilə ortaq türk dili reallaşa bilər. Dillərin fonetik, leksik və qrammatik sistemində olan eynilik, həmçinin saysız-hesabsız alınmaların çoxluğu bu prosesdə nəzərə alınmalıdır”.

Chosen
25
azertag.az

1Sources