EN

Əliağa Vahid Gecəsi anşlaqla baş tutdu - FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə  klassik poeziyamızın görkəmli nümayəndəsi, qəzəl sənətinin nadir zirvəsi Əliağa Vahidin yaradıcılığına həsr olunmuş möhtəşəm ədəbi-musiqili gecə keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə baş tutan gecə şairin öz ifasında səslənən qəzəllə başlayıb və bu, zalda xüsusi bir nostalji ab-hava yaradıb. Aparıcı çıxışında Vahid irsinin əhəmiyyətindən və şairin qəzəllərinin xalq musiqisi ilə ayrılmaz bağlarından bəhs edərək sənətkarın xatirəsini ehtiramla yad edib.

Gecədə Respublikanın tanınmış incəsənət ustaları - Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Teyyub Aslanov və Zabit Nəbizadənin, Əməkdar artist İlkin Əhmədovun, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, həmçinin Vəfa Vəzirova və Hüseyn Məlikovun ifasında səslənən "Orta Segah", "Mahur-Üşşaq", "Şur", "Cahargah", "Rast" və "Bayatı-Şiraz" muğam parçaları və təsniflər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qiraətçi Hüseynağa Aslanovun şövqlə səsləndirdiyi qəzəllər isə Vahid poeziyasının dərin fəlsəfəsini auditoriyaya dolğun şəkildə çatdırıb. Solistləri Xalq artisti Elçin Həşimovun (tar) və Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərliyi, eləcə də Məhta Məhəmmədəlizadə (qanun), Fəqan Ələsgərov (balaban) və Siyavuş Kərimovun (nağara) iştirakı ilə xalq çalğı alətləri ansamblı müşayiət edib. Eyni zamanda proqramda Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança), habelə Altay Niftəliyev (tar) və Araz Ağayarov (kamança) öz yüksək sənətkarlıqlarını nümayiş etdiriblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
43
milli.az

1Sources