EN

Ekspert: “BlackRock” kimi transmilli şirkətlərlə əməkdaşlıq Azərbaycana siyasi dəstək qazandırır

Bakı, 23 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edərək dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşməsi və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin müzakirəsi böyük əhəmiyyət daşımaqla yanaşı dövlətimizin inkişafı və beynəlxalq arenada möhkəm mövqeyə malik olmasının göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

O bildirib ki, bu şirkətlər iqtisadi gücünə görə dövlətlərə təsir etmək imkanına malikdirlər. Bu şirkətlərlə əməkdaşlıq, əlaqələrin daha da genişlənməsi yalnız iqtisadi divident deyil, eyni zamanda, siyasi nüfuz və beynəlxalq aləmdə dəstək qazandırır.

“Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “BlackRock” şirkətinin baş icraçı direktoru Larri Fink və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, idarə heyətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşməsi və görüş zamanı tərəflərin Azərbaycan Dövlət Neft Fondunun “BlackRock” ilə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini, həmçinin ölkənin infrastruktur sektorunda potensial investisiya imkanlarını müzakirə etməsi xüsusi ilə diqqəti cəlb edir. “BlackRock” baş ofisi Nyu-York şəhərində yerləşən ABŞ-ın qlobal investisiyaların idarəedilməsi şirkətidir. 1988-ci ildə ilkin olaraq risklərin idarə edilməsi və sabit gəlirli institusional aktivlərin idarə olunması şirkəti kimi yaradılıb. Şirkət 10 trilyon dollara çatan idarə olunan aktivləri ilə 2023-cü ildə dünyanın ən böyük aktivləri idarə edən şirkəti seçilib. “BlackRock” şirkəti 30 ölkədəki 70 ofisi və 100 ölkədəki müştəriləri ilə qlobal miqyasda fəaliyyət göstərir. Gücünə, maliyyə aktivlərinin və fəaliyyətlərinin ölçüsünə və əhatə dairəsinə görə “BlackRock” şirkəti dünyanın ən böyük bankına sahibdir. Səhmləri, böyük kapital qrupları - “PNC Financial Services” və “Merrill Lynch” şirkətlərinin də 80 faiz səhmlərinin olduğu Nyu-York Fond Birjasında qeydiyyatdan keçib.

Görüşün mühüm nəticəsi uzunmüddətli əməkdaşlıq haqqında niyyətlər protokolunun imzalanması olub. Bu sənəd Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” arasında strateji tərəfdaşlığı və birgə investisiya layihələrinə 1,5 milyard dollaradək kapital qoyuluşu imkanlarının öyrənilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycana iqtisadi səmərə və gəlir gətirməklə yanaşı, həm də siyasi beynəlxalq arenada siyasi dəstək qazandıracaq ki, bu da Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakın nəticəsi kimi qiymətləndirilməlidir”, - deyə Z. İbrahimov əlavə edib.

Chosen
80
2
azertag.az

3Sources