EN

Qazaxıstan Rusiyanı "AZAL" təyyarəsi ilə bağlı fakt qarşısında qoya bilər...



Qazaxıstanda AZAL-a məxsus təyyarə ilə bağlı aparılan istintaq təkcə texniki hadisənin araşdırılması deyil, eyni zamanda beynəlxalq hüquq, siyasət və dövlət məsuliyyəti məsələlərinin kəsişdiyi mürəkkəb prosesdir. Nəqliyyat naziri Nurlan Sauranbayevin açıqlamaları göstərir ki, istintaq hələ yekunlaşmayıb və əsas sübut sayılan laboratoriya nəticələri gözlənilir. Bu isə prosesin niyə uzandığını qismən izah edir.

Beynəlxalq aviasiya hüququna əsasən, qəzanın baş verdiyi ərazinin dövləti - bu halda Qazaxıstan - texniki istintaqa rəhbərlik edir. Lakin bu istintaqın əsas məqsədi günahkarı cinayət məsuliyyətinə cəlb etmək deyil, hadisənin səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar faciələrin qarşısını almaqdır. Ona görə də Qazaxıstanın yekun hesabatı hüquqi hökm yox, texniki-ekspert rəyidir. Bu mühüm məqamdır, çünki çox vaxt cəmiyyət bu cür hesabatlardan birbaşa cinayət nəticələri gözləyir.

Əgər Qazaxıstan istintaqı təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu açıq və birmənalı şəkildə təsdiqləsə, bu, Rusiyanın istintaq orqanlarını avtomatik olaraq işi yenidən açmağa məcbur etməyəcək. Rusiyanın İstintaq Komitəsi yalnız öz daxili qərarı ilə istintaqı bərpa edə bilər. Xarici dövlətin, hətta güclü sübutlara əsaslanan hesabatı belə, hüquqi baxımdan birbaşa məcburedici mexanizm yaratmır.

Bununla belə, bu cür hesabatın siyasi və diplomatik çəkisi çox böyük olur. Azərbaycan bu sənədi əsas götürərək məsələni Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasına çıxara, beynəlxalq platformalarda qaldıra və Rusiyaya təzyiqi artıra bilər. Bu zaman söhbət artıq təkcə hüquqdan yox, reputasiya, beynəlxalq imic və siyasi məsuliyyətdən gedəcək. Tarix göstərir ki, məhz bu cür təzyiqlər bəzi hallarda dövlətləri mövqelərini yumşaltmağa, istintaqları yenidən nəzərdən keçirməyə vadar edir.

Rusiyada konkret zabit - vur əmrini verdiyi iddia olunan şəxs - barəsində cinayət işinə xitam verilməsi isə Kremlin bu məsələni hüquqi müstəvidə bağlamağa çalışdığını göstərir. Lakin yeni sübutlar, xüsusən də beynəlxalq ekspertizalarla təsdiqlənmiş nəticələr ortaya çıxarsa, bu qərar siyasi baxımdan getdikcə daha çətin müdafiə oluna bilər. Yenə də burada həlledici amil hüquqi mexanizmlər yox, siyasi iradə olacaq.

İstintaqın bir il ərzində bitməli olması ilə bağlı beynəlxalq normalar tövsiyə xarakteri daşıyır. ICAO qaydaları istintaqların mümkün qədər tez başa çatdırılmasını nəzərdə tutur, amma mürəkkəb və siyasi yüklü hadisələrdə bu müddətin uzanması normal sayılır. Bu baxımdan Qazaxıstanın istintaqı davam etdirməsi beynəlxalq qaydaların pozulması kimi qiymətləndirilə bilməz.

Ümumilikdə realist gözlənti ondan ibarətdir ki, bu prosesin sonu tam mənada cinayət məsuliyyəti ilə yox, siyasi-hüquqi kompromislə nəticələnə bilər. Rusiya birbaşa günahı etiraf etməsə belə, dolayısı məsuliyyət götürərək kompensasiyalar, diplomatik jestlər və razılaşmalar yolu ilə mövzunu bağlamağa çalışa bilər. Digər ehtimal isə odur ki, tərəflər mövqelərində qalacaq və məsələ uzun müddət beynəlxalq siyasi mübahisə predmetinə çevriləcək. Hər iki halda Qazaxıstan istintaqının yekun hesabatı prosesin gələcək istiqamətini müəyyən edən əsas sənəd olacaq.

Akif NƏSİRLİ

Chosen
16
baki-xeber.com

1Sources