Stokholm, 23 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Dagens Nyheter” (DN) qəzeti bu ölkənin Xarici İşlər Nazirliyi ilə bağlı casusluq işi üzrə aparılan istintaqın yeni təfərrüatlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb yeni milli təhlükəsizlik müşaviri Tobias Tüberqin intim fotolarının yayılması olub. Bu fotolar onun təyin olunmasından 33 dəqiqə sonra İsveç mediası tərəfindən hökumət strukturlarına göndərilib və istintaq zamanı məlum olub ki, onlar həmçinin Rusiyaya, o cümlədən Dövlət Duması ilə əlaqəli ünvanlara da ötürülüb.
İstintaq müəyyən edib ki, görüntülər XİN diplomatı tərəfindən yaradılmış anonim “ProtonMail” hesabından göndərilib. Bundan sonra İsveçin Təhlükəsizlik Xidməti (Säpo) şübhəli şəxsi gizli müşahidə etməyə başlayıb. Säpo əməkdaşları diplomatın XİN-dən çoxlu sayda xidməti qovluqla çıxdığını görəndən sonra əməliyyat sürətləndirilib.
Mayın 11-də diplomat Stokholmun mərkəzində yerləşən mənzilində casusluqda şübhəli bilinərək saxlanılıb. Lakin, üç gün həbsdə saxlanıldıqdan sonra azad edilib. Növbəti gün onun meyiti aşkar edilib. İstintaqın məlumatına görə, o intihar edib. O, qohumlarına günahsız olduğunu bildirirdi.
Şübhəli şəxsin ölümünə baxmayaraq, istintaq davam edir. Hakimiyyət orqanları hesab edir ki, diplomatın XİN-dən çıxara biləcəyi sənədlərin taleyi də daxil olmaqla, aydınlaşdırılmamış bəzi hallar qalır. Saxlanma zamanı Säpo-nun hərəkətləri diplomatın ailəsi və vəkili tərəfindən kəskin tənqid olunub, lakin nəzarət orqanları ayrıca istintaqa başlamaqdan imtina ediblər.
Qeyd edək ki, T.Tüberq bir sutkadan az müddətdə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.