Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüşdə Donald Trampın ABŞ-də yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulandı. Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərimizin dərinləşdirilməsində rolunu qeyd etdilər.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin amerikalı həmkarı ilə görüşü Azərbaycan-ABŞ münasibətlərinin strateji əhəmiyyətini, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın və liderlər arasında formalaşmış siyasi etimadın göstəricisidir: "Ümumiyyətlə, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ölkələrimiz arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-yə səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri, həm də Azərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb etdi. ABŞ Prezidenti Donald Trampın dəvətilə gerçəkləşən səfər tarixi xarakter daşıdı. Əminliklə söyləmək olar ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyərək, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Həmin səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə "Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu"nun, ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da bunun təsdiqidir".
Vaşinqtonda keçirilən görüşün region tarixində xüsusi yer tutan böyük siyasi hadisə olduğunu qeyd edən deputat əlavə edib ki, Azərbaycanın illərdir formalaşdırdığı diplomatiya xətti bu uğurun əsasını qoyub. Görüş çərçivəsində imzalanan sənədlər bölgədə sülh prosesinə yeni impuls verib və əməkdaşlıq üçün geniş imkanlar açıb. Regionda artıq yeni reallıq formalaşır və bunun mərkəzində Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır. "Azərbaycanın ABŞ tərəfindən Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması da ölkələrimiz arasında qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin növbəti göstəricisi olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda sülh və sabitliyin təşviqində oynadığı mühüm rolun beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin daha bir göstəricisidir", - deyə V.Rəhimzadə yekunda bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"