Bu fikirləri iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu məsələnin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Müsbət cəhət ondan ibarətdir ki, iqtisadi baxımdan region üçün, xüsusən Cənubi Qafqaz ölkələri arasında iqtisadi inteqrasiya və əməkdaşlıq formalaşa bilər. Məsələn, Ermənistan artıq Azərbaycanın yeni qaz istehlakçılarından birinə çevrilə bilər. Bildiyiniz kimi, Ermənistan uzun illər qazı Rusiyadan əldə edib və qiymət siyasəti də məhz oradan müəyyən olunurdu. Ermənistan faktiki olaraq məcbur vəziyyətdə yaşayırdı və enerji sektoru ölkə üçün olduqca həssas bir sahə idi. "Qazprom Ermənistan" bu sahədə ən böyük vergi ödəyicilərindən biri idi. Qiymət siyasəti onların əlində idi, infrastruktur və nəzarət isə Rusiya tərəfindən həyata keçirilirdi. Ermənistana nəinki Azərbaycan, hətta İran kimi başqa ölkələrdən belə qaz tədarükünə faktiki olaraq icazə verilmirdi. Bu isə Ermənistanı de-fakto vassal ölkə vəziyyətinə salmışdı. Bu baxımdan Azərbaycanın atdığı addımlar əslində Ermənistanın xeyrinədir. Azərbaycan müəyyən mənada Ermənistan üçün "süni nəfəs" funksiyasını yerinə yetirir. Görünür, Ermənistan rəhbərliyi artıq anlayır ki, mənasız düşmənçiliyin və əsassız ərazi iddialarının sonu yoxdur və bu, yalnız özlərinə zərər vurur. Azərbaycanın hesabına indi alternativ qaz tədarükçüsü əldə edirlər.
İqtisadçı qeyd edib ki, sovet dövründən qalan qaz xətləri mövcud olsa da, onların bərpası həm texniki, həm də maliyyə baxımından olduqca çətin məsələdir. Bildiyiniz kimi, 30 il ərzində istifadə olunmayan, qaz keçməyən qurğular və borular bir çox hallarda eroziyaya uğrayıb və ya tamamilə sıradan çıxıb. Bunların yenidən bərpası böyük vəsait, vaxt və ciddi texniki əsaslandırma tələb edir.
Azərbaycan hökuməti üçün də sual yaranır: Bu nə qədər səmərəlidir? Bu gün investisiya qoysaq, 5 ildən sonra bunun zəmanəti varmı? Ermənistan yenidən bizə düşmən mövqeyinə qayıtmayacaqmı?
Bu baxımdan hesab edirəm ki, ən optimal variant digər daşınma üsulları ilə, məsələn, sıxılmış qaz formasında müəyyən həcmdə tədarükün həyata keçirilməsidir. Bu istiqamətdə hələ lazımi təminatlar əldə olunmadan genişmiqyaslı addımlar atmaq düzgün olmaz.
Lamiyə Cəbrayılova