EN

“Pozitivin təbliğatı daha müsbət effekt verir”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər cib bıçaqlarının satışının qadağan olunması ilə bağlı fikirlər paylaşılır, müzakirələr aparılır. Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan olunmasını təklif edib.

Deputat həmçinin qeyd edib ki, bəzi oyunlar və digər zərərli təsir vasitələri var ki, onlar insanların, xüsusilə də gənclərin, yeniyetmələrin psixologiyasına ciddi mənfi təsir göstərir: “Bu kimi təhlükəli məzmunların da qadağan olunması və ya ciddi nəzarətə götürülməsinə zərurət var”.

Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan psixoterapevt Elmir Əkbər bildirib ki, təəssüf ki, son dövrlər sosial şəbəkələrdə, müzakirələrdə qadağa mövzusunu çox bayağılaşdırıblar: “Bəzən hətta açıq-açıq deyirlər ki, ümumiyyətlə, qadağa lazım deyil. O söz var ki, qadağan olunmuş meyvə insanlara daha cəlbcedici gəlir. Orada da bir həqiqət var. Amma bu o demək deyil ki, ümumiyyətlə, qadağa olmamalıdır. Sadəcə psixologiya elminə söykənərək bu balansı doğru qura bilmək cəmiyyətin qələbəsidir. Qadağalar hansı formada, necə olmalıdır, təbliğat nə dərəcədə olmalıdır?. Çünki təbliğat daha əhəmiyyətlidir və bəzən pozitivin təbliğatı daha müsbət effekt verir, nəinki neqativin fəsadlarının göstərilməsi və təbliğ olunması. Ona görə də bu məsələlərdə çox ciddi yanaşma olmalıdır”.

E.Əkbərin sözlərinə görə, narkotiklə və müxtəlif cinayət məsələləri ilə bağlı da qadağaların olmamasını deyirlər, amma yox, düzgün, psixoloji balans olmalıdır: “Qadağa və ondan da daha əhəmiyyətli olan məsələ isə düzgün-doğru təbliğat. Eləcə də bu işdə vicdanlı qələm sahiblərinin mövqeyi daha əhəmiyyətlidir ki, məsələləri doğru bucaqdan işıqlandırsınlar. Çünki təbliğatda əsas KİV-lər və fikrinə, qələminə, mövqeyinə güvəndiyimiz insanların mövqeyi çox dəyərli və əhəmiyyətlidir”.

O əlavə edib ki, müxtəlif maarifləndirici videoçarxlar televiziyalarda, KİV-lərdə təbliğ olunsun: “Çox yaxşı olardı ki, tanınmış insanlar da bu tip təbliğat məsələlərində aktiv mövqe tutsunlar. Bütün dünyada tanınmış insanlar düzgün təbliğata çox böyük yatırım edirlər. Amma bizdə təəssüf ki, bunu görmürük. Ona görə də mən düşünürəm ki, burada sosial statusu olan, əhalinin güvənini qazanmış, izlənilən, məşhur insanlar bu kimi mövzularda öz fikirlərini paylaşmalıdırlar. Həmçinin də sağlam həyat tərzi, mütaliə, təhsil, idman bunlar hamısı bu tip cinayətlərin ən gözəl profilaktikasıdır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
icma.az

1Sources