“Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi çoxşaxəli görüşlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin turizm potensialının qlobal auditoriyaya təqdimatı üçün də strateji platforma rolunu oynadı. Davosda verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji və geosiyasət müstəvisində deyil, iqtisadi şaxələndirmə, şəhərsalma və turizm sənayesi sahəsində də rəqabətqabiliyyətli ölkə kimi çıxış edir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
Onun szölərinə görə, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə səsləndirdiyi fikirlər ölkənin turizm strategiyasının mahiyyətini aydın şəkildə ortaya qoydu. “Dövlət başçısının çıxışı klassik təqdimat xarakteri daşımadı, əksinə, şəxsi təcrübəyə, konkret göstəricilərə və real üstünlüklərə əsaslanan peşəkar “soft power” nümunəsi kimi diqqət çəkdi.
Prezidentin Şahdağ xizək kurortu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın turizm siyasətində yeni mərhələnin başlanğıcını göstərir. Beynəlxalq Xizək Federasiyasının təqviminə daxil edilmiş Dünya çempionatının Şahdağda keçirilməsi ölkənin qış turizmi üzrə qlobal xəritədə yerini möhkəmləndirir. Bu, təkcə idman tədbiri deyil, uzunmüddətli turizm brendinin formalaşdırılmasıdır.
Formula 1-in yay turizmi üçün oynadığı rolu nəzərə alsaq, Şahdağda Dünya və Avropa çempionatlarının keçirilməsi mövsümi balansın yaradılmasına xidmət edir. Prezidentin vurğuladığı kimi, Formula 1-dən sonra turist axınında 20 faizlik artımın qeydə alınması beynəlxalq idman tədbirlərinin ölkə tanıtımında nə qədər effektiv alət olduğunu sübut edir. İndi isə Şahdağ Azərbaycanın “qış vitrini” rolunu oynayacaq.
Yamacların uzunluğunun 45 kilometrdən 55 kilometrə çatdırılması, “ski-in/ski-out” konsepsiyasının tətbiqi və yeni hotellərin inşası Şahdağı regionun ən rahat və funksional xizək kurortlarından birinə çevirir. Bu, Azərbaycanın turizmdə yalnız coğrafi üstünlüklərə deyil, müasir idarəetmə və xidmət standartlarına əsaslanan yanaşma ortaya qoyduğunu göstərir”, - o qeyd edib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi iqtisadi göstəricilər turizmin ölkə iqtisadiyyatındakı rolunu daha geniş kontekstdə dəyərləndirməyə imkan verir: “İşsizlik və yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, orta təbəqənin genişlənməsi və alıcılıq qabiliyyətinin artması daxili turizmin də inkişafı üçün mühüm sosial baza yaradır.
Bakıda həyata keçirilən “Ağ Şəhər” və “Sea Breeze” kimi irimiqyaslı layihələr təkcə şəhərsalma təşəbbüsləri deyil, eyni zamanda turizm və investisiya ekosisteminin əsas elementləridir. Mənzil alanların 70 faizdən çoxunun yerli vətəndaşlar olması iqtisadi islahatların real nəticəsini, eyni zamanda ölkə vətəndaşlarının gələcəyə inamını göstərir. Xarici investorların artan marağı isə
Azərbaycanın təhlükəsiz, multikultural və sabit məkan
Neft hasilatının təbii azalması fonunda qeyri-neft sektorunun 2 faizdən çox, qeyri-neft sənayesinin isə 5,5 faiz artması Prezidentin iqtisadi siyasətinin əsas prioritetlərini aydın göstərir. Turizm bu strategiyada xüsusi yer tutur. Çünki turizm həm xidmət sektorunun inkişafına, həm regionların iqtisadi fəallaşmasına, həm də sosial rifahın yüksəlməsinə birbaşa təsir göstərən sahədir.
Prezidentin enerji sektoru ilə bağlı səsləndirdiyi ehtiyatlı optimizm də mühüm məqamdır. Enerji gəlirləri ilə paralel şəkildə turizm sənayesinin gücləndirilməsi Azərbaycanın iqtisadi dayanıqlığını artıran əsas amillərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda verdiyi mesajlar göstərir ki, Azərbaycanın turizm siyasəti artıq spontan təşəbbüslər üzərində deyil, strateji planlaşdırma, beynəlxalq brendləşmə və iqtisadi şaxələndirmə prinsipləri üzərində qurulub. Şahdağ, Formula 1, Bakıdakı şəhərsalma layihələri və multikultural mühit bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissəsidir.
Bu məqsədyönlü siyasətin nəticəsində Azərbaycanın turizm potensialı regionda və qlobal miqyasda daha rəqabətqabiliyyətli səviyyəyə yüksələcək, turizm sənayesinin inkişafı isə ölkə iqtisadiyyatının güclənməsinə və əhalinin sosial rifahının daha da yaxşılaşmasına mühüm töhfə verəcək”.
Mürtəza