EN

Turist Azərbaycanı niyə seçməlidir? Quru sərhədlər bağlı, hotel, servis xidmətləri....

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, qlobal turizm sektoru 2025-ci ili tarixdə ən yüksək göstəricilərlə başa vurub.

Sektorun qlobal iqtisadiyyata ümumi töhfəsi 10 trilyon avroya yüksəlib ki, bu da qlobal ÜDM-in 10,3 %-ni təşkil edir. Bu, əvvəlki illə müqayisədə 6,7 % artım deməkdir.

WTTC məlumatları göstərir ki, sektor dünyada hər üç işçidən birini məşğulluqla təmin edir. WTTC prezidenti və baş direktoru Qloriya Gevara bildirib ki, "turizm, iqtisadiyyatın vacib sahələrindən biri olaraq, dünya ölkələrin inkişafına mühüm təsir göstərir”.

Məlumata görə, 2025-ci ildə 1,5 milyarddan çox insan xaricə səyahət edib ki, bu da 2024-cü illə müqayisədə 80 milyon çoxdur. Gündə orta hesabla 219 min beynəlxalq gəliş qeydə alınıb ki, bu da sektorun qlobal miqyasda tam bərpasını və dinamizmini təsdiqləyir.

Eyni zamanda, Avropada turizm investisiyaları 2,5 trilyon avroya çatıb ki, bu da regionun ÜDM-nin 10 %-ni təşkil edir. Artım illik müqayisədə 5,1 % təşkil edib.

Qloriya Gevara vurğulayıb ki, Avropa turizmi həm pandemiyadan əvvəlki dövrdən, həm də ötən ildən daha yaxşı nəticələr göstərib.

Məhz ötən il İspaniya rekord sayda ziyarətçi qəbul edib. Belə ki, ölkə 2025-ci ildə 96,5 milyon xarici turist qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur. Nəticədə turizmin birbaşa və dolayı yolla iqtisadi inkişafa təsiri 260 milyard avroya çatıb. Ümumilikdə, bu sektor artıq İspaniyanın ÜDM-nin 16 %-ni təşkil edir və 3,2 milyon insanı işlə təmin edir.

Dünyanın xəritəsinə nəzər salsaq görərik ki, turizim sektorunda artım qlobal miqyasda geniş yayılsa da, yeganə istisna ABŞ olub. ABŞ-da turizm investisiyaları 2025-ci il ərzində təxminən 16,3 milyard avro azalıb.

Qloriya Gevara bildirib ki, turizm artıq İspaniya iqtisadiyyatın təməl daşlarından birinə çevrilib. Eyni zamanda, İspaniyanın BMT Turizm Agentliyinin və Dünya Turizm Şurasının (WTTC) qərargahına ev sahibliyi etməsi də bu rolu daha da gücləndirir.

O, əlavə edib ki, Dünya Səyahət və Turizm Şurası Madriddə yeni ofis açmağa hazırlaşır və təxminən 35 nəfərdən ibarət beynəlxalq komanda formalaşdıracaq.

Dünya Səyahət və Turizm Şurası, eləcə də qlobal turizmin davamlı inkişafı üçün ölkələr arasında səyahətə mane olan hüquqi maneələrin və bürokratiyanın azaldılmasının vacibliyini vurğulayıb və dövlət-özəl sektor əməkdaşlığının artırılmasına çağırıb.

Bəs hazırda ölkəmizdə bu sektorda mövcud vəziyyəti necədir?

Qeyd edək ki, Azərbaycanda da uzun illərdir ki, turizm prioritet elan olunsa da, bu sektor yerində sayır. Fərqli illər üzrə statistik rəqəmlərə baxdıqda bunu aydın görmək olur. 2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər biri 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67 faizini kişilər, 33 faizini qadınlar təşkil edib. 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Görünən odur ki, Azərbaycana gələn turistlərin sayı artmaq əvəzinə, daha da azalır. Ölkəmizə ən çox turist səfəri 2019-cu ildə qeydə alınıb ki, bu rəqəm də 3 milyon nəfər təşkil edib.

Turist səfərlərinin sayının azalması isə müxtəlif amillərlə izah edilir. Burada quru sərhədlərinin bağlı olması, yalnız Bakıda deyil, bölgələrdəki hotellərdə gecələmə qiymətlərinin, eləcə də servis xidmətlərinin baha olması göstərilir. 

Bundan başqa, ölkəyə gələn turistlərdə maraq doğuracaq obyektlərin sayının azlığı da burada rol oynayır. Onu da unutmamalııyıq ki, bu gün turistlər maraqlı, əyləncəli, "adrenalin" yaşayacaq məkanlara daha çox üstünlük verirlər. 

Azərbaycan turizm sektoru qəbul etməlidir ki, yalnız "Qız Qalası", "Qobustan qaya rəsimləri", "Atəşgah" və "Şəki Xan sarayı"nı təqdim etməklə milyonlarla turist cəlbinə nail olmaq mümkün deyil.

Azərbaycanda hotellərin qiymətinə gəldikdə, onlardan cəmi bir neçəsinin qiymətini təqdim etmək kifayətdir:

*“Hyatt Regency Baku” - 1 nəfərlik üçün standart otaq 134 manat

*“JW Marriott Abseheron Baku”  - 1 nəfərlik üçün standart otaq 294 manat

*“Ramada by Wyndham Baku” - 1 nəfərlik üçün standart otaq 127 manat

*“Qafqaz Tufandag Mountain Resort Hotel” - 1 nəfərlik üçün standart otaq 229 manat

*“Qafqaz Riverside Resort Hotel Gabala” - 1 nəfərlik üçün standart otaq 204 manat

*“Cinar Hotel Naftalan” - 1 nəfərlik üçün standart otaq 128 manat

*“Seki Marxal Hotel”- 1 nəfərlik üçün standart otaq 130 manat 

*“Qəbələ Garden Otel” - 1 nəfərlik üçün standart otaq 99 manat

*“Sheki Palace Hotel” –1 nəfərlik üçün standart otaq 79 manat.

Turist bu qiymətlərə baxarkən düşünür ki, bu cür baha qiymətə, məsələn, 1 603 manata 7 günlük “Qafqaz Tufandag Mountain Resort Hotel”də gecələməkdənsə, 5 ulduzlu Antalya oteldə 7 günlük 1 600 manata turla səfər etmək daha məqsədəuyğundur.

Hətta Antalya turu zamanı iki nəfərlik səfər zamanı qiymətlərdə endirim də tətbiq olunur. Həmin qiymətə hoteldə gündə 3 dəfə qidalanma da daxildir. 

Ölkəmizdə nə qədər ki, düzgün turizm siyasəti həyata keçirilmir, 2025-ci ilin nəticələri kimi turist səfərlərinin sayı azalmaqda davam edəcək.

Ötən il ölkəmizə gələn 2 milyon 570,2 min turistin bir çoxu müxtəlif idman yarışları və konfrans iştirakçılarının təşkil etdiyini nəzərə alsaq, demək ki, sırf turizm məqsədilə gələnlərin sayı o qədər də çox deyil.

Ölkəmizdə bu sektordakı acınacaqlı vəziyyət onu göstərir ki, mövcud problemlər, o cümlədən quru sərhədlərin bağlı olması, hotellərdə qiymətləri, həmçinin servis xidmətlərin baha olması, eləcə də turistlər üçün maraq doğuracaq məkanların, əyləncələrin təşkili öz həllini tapmayınca, turist bizim ölkəni seçməyəcək. Bununla həm də ölkəyə milyardlarla valyuta axınının qarşısı alınmış olur.  

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

Turist Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
cebheinfo.az

2Sources