Rəsmi Nuuk adanın zəngin ehtiyatları barədə qərarların kənardan verilməsini qəbuledilməz sayır...
Poliqon xəbər verir ki, Qrenlandiya hakimiyyəti ABŞ və NATO arasında müzakirə edilən mümkün razılaşmaların adanın təbii sərvətlərinə toxunmamalı olduğunu bəyan edib. Qrenlandiyanın mineral ehtiyatlar naziri Naayya Nataniyelsen Politico-ya müsahibəsində bildirib ki, heç bir xarici qüvvə bu Arktika ərazisinin nəhəng təbii sərvətlərinin taleyini müəyyənləşdirməməlidir.
Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte arasında qapalı danışıqlardan sonra səsləndirilən, Qrenlandiya resursları ilə bağlı razılaşmanın əldə olunması barədə iddialar ciddi suallar doğurur. Nataniyelsen vurğulayıb ki, əgər belə bir razılaşma Qrenlandiyadan başqa hər hansı ölkəyə adanın faydalı qazıntıları üzərində nəzarət imkanı verərsə, rəsmi Nuuk bu razılaşmadan imtina edəcək.
O açıq şəkildə bildirib ki, Qrenlandiyanın mineral sektorunun gələcək inkişafı ilə bağlı qərarların ölkə hüdudlarından kənarda qəbul edilməsinə yol verilməyəcək. Nazir bunun suverenliyə zidd olduğunu və qəbuledilməz sayıldığını qeyd edib.
Razılaşmanın detalları hələ də tam açıqlanmasa da, ehtimal olunur ki, sənəddə adadakı faydalı qazıntılara nəzarət üçün müşahidə şurasının yaradılması da nəzərdə tutula bilər. Nataniyelsen bu ehtimalı da qəti şəkildə rədd edərək bildirib ki, belə bir mexanizm faktiki olaraq suverenlikdən imtina anlamına gələrdi. Onun sözlərinə görə, Qrenlandiya hər hansı əməkdaşlıq formatını istisna etmir, lakin təbii sərvətlərin suverenliklə dəyişdirilməsi mümkün deyil.
Politico xatırladır ki, Qrenlandiya dünyada nadir torpaq elementlərinə olan tələbatın təxminən dörddə birini ödəyə biləcək ehtiyatlara malikdir. Bundan əlavə, adada iri neft, qaz, qızıl və “yaşıl enerji” texnologiyalarında istifadə olunan müxtəlif metallarla zəngin yataqlar mövcuddur ki, bu da Qrenlandiyanı qlobal enerji və xammal bazarları baxımından strateji əhəmiyyətli məkana çevirir.
Poliqon.info