EN

Tramp Kanadanı Çinlə əməkdaşlığa görə sərt tariflərlə hədələyib

ABŞ prezidenti Kanadanın Çinlə mümkün razılaşmasını milli təhlükə kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada Kanadanın Çinlə iqtisadi əməkdaşlıq ehtimalına kəskin reaksiya verib və rəsmi Ottavanı 100 faiz həcmində tariflərlə hədələyib.

Tramp bildirib ki, əgər Kanadanın “qubernatoru” adlandırdığı Mark Karni ölkəni Çin üçün ABŞ-yə mal və məhsulların daşındığı “boşaltma limanı”na çevirməyi planlaşdırırsa, ciddi şəkildə yanılır. Onun sözlərinə görə, bu cür əməkdaşlıq Kanadanın suverenliyinə və sosial-iqtisadi sabitliyinə ağır zərbə vura bilər.

ABŞ prezident iddia edib ki, Çin Kanadanı “tam şəkildə udacaq” və nəticədə ölkənin biznes mühiti, sosial strukturu və ümumi həyat tərzi məhv olacaq. Tramp bu prosesi strateji təhlükə kimi qiymətləndirərək ABŞ-nin buna laqeyd qalmayacağını vurğulayıb.

O, əlavə edib ki, Kanada Çinlə hər hansı ticarət və ya strateji razılaşma imzalayacağı təqdirdə, dərhal ABŞ bazarına daxil olan bütün Kanada malları və məhsullarına 100 faiz tarif tətbiq ediləcək. Trampın fikrincə, bu addım ABŞ-nin iqtisadi maraqlarını və daxili bazarını qorumaq məqsədi daşıyacaq.

Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ–Çin münasibətləri kəskin ticarət müharibəsi fonunda gərginləşmişdi və Tramp dəfələrlə müttəfiq ölkələri Pekinlə yaxın iqtisadi əməkdaşlıqdan çəkinməyə çağırmışdı. Onun son açıqlaması da ABŞ-nin müttəfiqləri üzərində iqtisadi və siyasi təzyiq alətlərindən istifadə etməyə hazır olduğunu göstərən növbəti mesaj kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
48
poliqon.info

1Sources