EN

Bakıda mənzil sahibi olmaq hər gün daha da ÇƏTİNLƏŞİR – Nə etməli? 

Azərbaycanda, xüsusilə paytaxt Bakı şəhərində mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, əhalinin böyük hissəsi üçün getdikcə əlçatmaz sosial-iqtisadi hədəfə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının İntizam Komissiyasının sədri Nahid Həsənov bildirib. Onun sözlərinə görə, son illər davamlı olaraq müşahidə olunan qiymət artımı və vətəndaşların real gəlirləri ilə daşınmaz əmlak qiymətləri arasındakı fərq mənzil əlçatanlığını minimum səviyyəyə endirib. “Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən sonra formalaşan bahalaşma dalğası hələ də tam səngiməyib və “divarlar və maaşlar” arasındakı disbalans alıcıları kütləvi şəkildə icarə bazarına yönəldir”, — deyə o vurğulayıb.

N.Həsənov əlavə edib ki, 2020–2025-ci illər Azərbaycan əmlak bazarı tarixində kəskin qiymət artımı dövrü kimi yadda qalacaq. Bu beş il ərzində mənzil qiymətləri ümumilikdə 45–47% artıb, təkcə 2025-ci ildə qeydə alınan 14–16%-lik bahalaşma isə bazarın əvvəlki illərlə müqayisədə “soyuması” və daha sabit fazaya keçidi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bazar artıq emosional təlatümlərlə deyil, fundamental iqtisadi amillərlə idarə olunur, süni qiymət manipulyasiyalarının təsiri zəifləyib, proseslər daha rasional və proqnozlaşdırıla bilən xarakter alıb.

Məsələyə aydınlıq gətirən əmlak məsələləri üzrə ekspert Elnur Azadov NOCOMMENT.az-a bildirib ki, Azərbaycan mənzil bazarında formalaşmış qiymət dinamikası həm alıcılar, həm də investorlar üçün strateji risklər yaradır. “Mənzillərin əlçatan olmaması, xüsusilə gənc ailələr üçün sosial gərginlik yaradır. Yeni tikililərin yüksək qiymətləri və təkrar bazarda satışın daha aktiv olması bazarda qeyri-bərabərliyi artırır. Tikinti şirkətləri mərkəzi və prestijli zonalarda layihələri prioritetləşdirir, periferiyada isə likvidlik zəifdir. Bu, şəhərin sosial-iqtisadi stratifikasiyasını dərinləşdirir. Həmçinin, ipoteka bazarında ucuz və uzunmüddətli maliyyə alətləri olmadığından gənc alıcılar bazara daxil ola bilmir. Belə vəziyyət yalnız kirayə bazarının daha da canlanmasına və qiymətlərin yüksəlməsinə səbəb olur”.

Ekspert bazarın sağlam inkişafı üçün yalnız qiymət stabilliyinin kifayət etmədiyini bildirib: “Şəffaf statistikanın açıqlanması, erkən xəbərdarlıq mexanizmlərinin qurulması, sosial mənzil layihələrinin miqyasının genişləndirilməsi vacibdir. Sosial mənzil və əlçatan maliyyə alətləri olmadan bazarın rasional inkişafı yalnız dar təbəqənin maraqlarına xidmət edəcək. Dövlətin təşviqedici mexanizmləri və kredit alətləri bazarı həm gənclər, həm də orta gəlirli ailələr üçün əlçatan etməlidir. Hazırki vəziyyət göstərir ki, Azərbaycan daşınmaz əmlak bazarında qiymət artımı və kirayə yükünün davam etməsi gələcəkdə sosial-iqtisadi gərginlikləri artırma potensialına malikdir. Bazarın rasional və davamlı inkişafı üçün həm sosial mənzil layihələrinin genişləndirilməsi, həm də ucuz və uzunmüddətli maliyyə alətlərinin təqdim olunması prioritet olmalıdır”.

Chosen
42
nocomment.az

1Sources