EN

BDU 10,1 milyon manatı NƏ ÜÇÜN XƏRCLƏYƏCƏK? – Yeyinti, yoxsa….

Bakı Dövlət Universiteti (BDU) Publik Hüquqi Şəxsi universitetin Qazanxana binası və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə vaxtilə dayandırılmış tikinti işlərini davam etdirmək məqsədilə yeni satınalma planı açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, layihənin davam etdirilməsi üçün ehtimal olunan maliyyə xərci 10.150.903,00 AZN təşkil edir. Universitetin açıqlamasında layihənin əsas məqsədi infrastrukturun yenilənməsi, elmi və texnoloji potensialın artırılması və tələbələr üçün müasir tədris şəraitinin yaradılması kimi göstərilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Vüsal Quliyev bildirib ki, dövlət ali təhsil müəssisələrində tikinti xərclərinin bu qədər yüksək olması uzunmüddətli büdcə planlamasında risklər yaradır: “10 milyon manata yaxın vəsaitin xərclənməsi ciddi investisiya hesab edilə bilər, lakin layihənin dayandırılma səbəbləri tam olaraq açıqlanmayıb. Əgər əvvəlki dayandırılma texniki, maliyyə və ya layihələndirmə səhvlərindən irəli gəlibsə, eyni problemlərin təkrar üzə çıxması mümkündür. Bu, vəsaitin səmərəsiz istifadəsinə və layihənin təhvil verilməməsi riskinə yol aça bilər. Həmçinin ictimaiyyət üçün açıqlanan rəqəmlər layihənin real xərclərini əks etdirməyə bilər; satınalma planlarında əlavə xərclər və qeyri-müəyyən büdcə sızmaları çox rast gəlinir”.

Ekspert əlavə edib ki, tikinti layihələrinin universitetlərdə davamlı və şəffaf idarə olunması vacibdir: “Ali təhsil müəssisələri üçün infrastruktur yenilənməsi müsbət addımdır, lakin belə layihələrdə nəzarət mexanizmləri, açıq tenderlər və maliyyə şəffaflığı təmin edilməzsə, investisiya səmərəsi zəifləyir. Eyni zamanda, layihənin dayandırıldığı səbəblərin aradan qaldırılmadan xərclərin davam etdirilməsi büdcəyə əlavə yük gətirir və vergi ödəyicilərinin vəsaitinin qorunmasını sual altına qoyur. Bu mənada layihə həm ali təhsil üçün, həm də iqtisadi baxımdan ciddi risklər daşıyır”.

Vüsal Quliyev qeyd edib ki, layihənin icrası yalnız universitetin infrastrukturunun yenilənməsini deyil, həm də büdcə planlamasında ciddi nəzarət və şəffaflıq mexanizmlərinin tətbiqini tələb edir: “Əgər layihə düzgün idarə olunarsa, elmi və texnoloji potensialın artırılması baxımından müsbət nəticələr əldə edilə bilər. Lakin hazırkı şəraitdə maliyyə və texniki risklər nəzərə alınmalıdır. Dövlət vəsaitinin səmərəli istifadəsi üçün hər addım ictimaiyyətə açıq olmalı və layihənin bütün mərhələləri barədə dəqiq informasiya təqdim edilməlidir”.

Chosen
104
nocomment.az

1Sources