EN

Ümidin və həyatın yeni ünvanı - Kəlbəcər

Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərə budəfəki səfərimiz yanvar ayına təsadüf edir. Hər tərəfi ağ örpəyə bürüyən qar dağlar diyarına xüsusi gözəllik qatıb. Yolboyu açılan təbiət mənzərələrini – sıldırım qayaları, ağappaq qara bürünmüş dağ və dərələri qürurla seyr edə-edə Kəlbəcər şəhərinə doğru irəliləyirik.

Gördüyümüz hər bir mənzərə sanki Kəlbəcərin ümid və həyatla dolu yeni səhifəsindən xəbər verir.

Dağlar qoynunda mirvari: Yeni Kəlbəcər

Beləliklə, dağların qoynunda yenidən qurulan Kəlbəcər şəhərinə çatırıq. Bura artıq xarabalıqlar yox, dirçəlişin göstəricisi olan müasir bir yaşayış məkanıdır. Ucalan yeni binalar sanki təbiətlə vəhdət təşkil edir. Uzun illər köçkünlük həyatı yaşamış kəlbəcərlilərin doğma yurdda salınmış yeni yaşayış kompleksinə qayıdışı təmin olunub. Bu gün burada təkcə binalar deyil, ümidlər, xatirələr və gələcək də yenidən qurulur.

Kəlbəcər şəhərində inşa olunan 524 ailəlik yaşayış kompleksində dördmərtəbəli 6 bina tikilib. Hər binada iki, üç və dördotaqlı olmaqla 27 mənzil var. Bundan əlavə, yaşayış kompleksində “townhouse” tipli ikimərtəbəli, hər biri üçotaqlı olmaqla 39 fərdi ev də inşa edilib. Hər bir detal sakinlərin rahatlığı və müasir həyat standartları üçün hesablanıb.

Həyətlərdə uşaq səsi, pəncərələrdə gülər üzlər

Kompleksin həyətində gəzərkən həyatın yenidən bu torpaqlara qayıtdığını aydın şəkildə hiss edirik. Pəncərədən baxan, bizimlə qarşılaşan sakinlər gülərüzlə salamlaşırlar. Hər kəsin üzündə bir rahatlıq, sevinc var. Uşaqlar qarla oynayır, gülüş səsləri sükutu pozur. Kimisi mağazaya gedir, kimisi təmiz havada gəzişir, kimisi isə qonşusu ilə söhbətləşir. Bir sözlə, Kəlbəcərə xoşbəxt həyat qayıdıb.

Həyətdə iki övladının əlindən tutub məktəbdən gələn Telman Xudayarovla qarşılaşırıq. O, bizi böyük səmimiyyətlə evinə dəvət edir. Çay süfrəsi arxasında davam edən söhbət köçkünlük illərinin ağrılarını və bu gün doğma yurda qayıdışın sevincini əks etdirir.

"Ağlaya-ağlaya getmişdik, toy-bayramla qayıtdıq"

Telman Xudayarov deyir ki, 32 ildən sonra doğma Kəlbəcərə qayıtmaq onların ailəsi üçün böyük sevinc olub. O, 32 il əvvəlki ağrılı-acılı günləri xatırlayıb deyir:

“Kəlbəcərdən 1993-cü il aprelin 1-də atam, anam, iki bacımla çox çətin vəziyyətdə çıxdıq. Evimizin qapısına qıfıl vurub getdik. Gəncə şəhərinin Gülüstan qəsəbəsində qocalar evində məskunlaşdıq. Heç xəyalımıza da gəlməzdi ki, bir gün Kəlbəcər işğaldan azad olunacaq, biz buraya qayıdacağıq. Bu gün şükürlər olsun, Ali Baş Komandanımızın, şəhidlərimizin sayəsində Kəlbəcərdə yaşayırıq, danışırıq, gülürük, bayramlar keçiririk”.

O bildirir ki, köçkünlük illərində yaşadıqları acı günləri heç vaxt unutmayacaqlar. Atası və anası Vətən həsrəti ilə dünyadan köçsələr də, bu gün övladları ilə birgə Kəlbəcərdə xoşbəxt həyat sürürlər:

“Kəlbəcərdən ağlaya-ağlaya getmişdik, toy-bayramla, sevinclə qayıtdıq. Köç gələndə hamı bir-birini qucaqlayıb ağlayırdı. İllərlə bir-birini görməyən insanlar var idi. Hərəsi bir rayonda məskunlaşmışdı. Kəlbəcərə ailəmlə - həyat yoldaşım və 3 övladımla qayıtmışam. Uşaqların ikisi birinci sinfə gedir. Üçotaqlı evimiz var. Şəraitimiz çox gözəldir. Dövlətimiz bizi evlə, işlə təmin edib. Hər şey yüksək səviyyədədir. Xoş günlər yaşayırıq”.

Müsahibimiz köçkünlük illərinin həsrətindən, uşaqlıq xatirələrindən və indiki sevinclərindən danışarkən kövrəlir:

“1993-cü ilə qədər Kəlbəcərdə Qayabaşı məhəlləsi deyilən yerdə - Vidadi küçəsində böyümüşəm. Tez-tez gedib küçəmizi aşağı-yuxarı gəzirəm. Keçmiş xatirələri yadıma salıram. Çaya qarmaq sallayıb balıq tuturduq, çimib gəlirdik... Şükür ki, yenidən Kəlbəcərdəyik. Hərdən uşaqları da aparıram, gedib baxırıq. Kövrəlirəm, uşaqlara deyirəm ki, mən bu evdə böyümüşəm. Videolar çəkirəm ki, xatirə qalsın”.

Dirçələn Kəlbəcərin yeni hekayəsi

Telman Xudayarovun sözlərinə görə, ailəsinin borcu uşaqlarına yaxşı təhsil vermək və onları Kəlbəcəri yenidən yaşadan nəsil kimi böyütməkdir. Bu arzu, əslində, bu gün Kəlbəcərə qayıdan hər bir ailənin ortaq amalıdır.

Dağlar qoynundakı Kəlbəcər artıq xatirələrdə yaşayan şəhər deyil. Telman Xudayarovun ailəsi kimi doğma yurda qayıtmış kəlbəcərlilər burada həyatın hər anını yenidən yaşayırlar. Burada tikilən hər bina, əkilən hər ağac, duyulan hər bir uşaq gülüşü, gözlərdəki sevinc Kəlbəcərin xoşbəxt gələcəyinin göstəricisidir. Kəlbəcər indi həm keçmişin xatirəsini, həm də gələcəyin ümidini birləşdirərək, dirçəlmiş şəhərin yeni hekayəsini böyük fəxrlə yazır.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında:

Chosen
120
1
hafta.az

2Sources