Heç vaxt ehtiyacı olan bir insanın arxasından qaçmamışam. Xahişləri, rəhbərlərimdən gələn tapşırıqları qarşılıq gözləmədən, vicdan və həvəs ilə yerinə yetirmişəm. Ümumi məqsədə xəyanət etməmişəm, söz verdiyimə sadiq qalmışam. Bu gün də hər bir addımımı Qanunun işığında atıram, dedi-qodudan uzağam, ləyaqətli rəhbərimə sədaqətimi nümayiş etdirirəm. Amma qarşılığında gördüyüm yalnız hiylə, saxta gülüş, arxamca atılan əsassız böhtan və şərdir.
Özümü elə aparıram ki, sanki heç nə bilmirmişəm. Hər kəsə gülərüz, sadə və nəzakətli münasibət bəsləyirəm. Həyatım boyunca qarşılaşdığım xəyanətlərin sayı az olmayıb, arxamca danışanlar, pis günümü arzulayanlar, üzümə gülüb mənə tələ qurmağa çalışanlar… Bu gün də vəzifəsində müvəqqəti kreslosuna bərk yapışan, aciz və cılız insanlar mənə qarşı hiylə və pis niyyət göstərməkdə davam edir.
Məni ən çox dərindən sarsıdan isə budur ki, yamanlığı, dönüklüyü həmişə etdiyim yaxşılıqlardan görmüşəm. Yadımda deyil ki, kiməsə haqsızlıq və ya zərər vermişəm. Bəzən imkanım olmayıb, amma əl uzatmağa, kömək etməyə çalışmışam. Yenə də qarşılığında nankorluq, böhtan və pislik gördükdə ürəyim sızlayıb. Ağlıma gətirə bilməzdim ki, etdiyim yaxşılıqlar mənə qarşı nifrət doğura bilər, ya da insanlar arxamca pis gün arzulayar. Bəzən doğmalarım deyirdilər ki, paxıllıqdan belə edirlər. Mən isə düşünürdüm: “Nəyimə paxıllıq etsinlər ki? Malım-mülküm yoxdur, var-dövlətim yoxdur, vəzifəm dünyəvi ölçülərdə böyük deyil… Bəs niyə mənim yaxşılıqlarımdan inciklik və qısqanclıq doğur?” Lakin həyat öyrətdi ki, yamanlıq insanın var-dövlətindən, mövqeyindən və ya uğurundan deyil, o, insanın qəlbindəki acizlikdən, qısqanclıqdan və boş mənəviyyətdən çıxır.
İndi tək sığınacağım Uca Allahdır. Mənə qarşı edilən hiylə və pisliklərə cavabım yalnız budur ki, “Etdiyiniz yaxşılıqların və etdiyiniz pisliklərin əvəzini Allah övladlarınızın qarşısına çıxartsın, inşallah!”
Çünki həyat qısa, amma əməllər uzun iz buraxır. Kim yaxşılıq edib, kim pislik, hər biri qarşılığını görəcək. Mən isə yalnız doğru olanı etdim və etməyə davam edəcəyəm. Hər kəs bilməlidir ki, haqqı olmayan zəiflərin böhtanı, yalanı və hiyləsi əsl dəyərlə ölçülə bilməz.
Yaxşılıq etmək, haqqı müdafiə etmək və sədaqət göstərməkdən əl çəkməyin. Çünki əsl sərvət, dürüstlükdə, vicdanda və sədaqətdə qalır. Və mən bilirəm ki, insanın əsl zənginliyi başqasının mənfəəti ilə deyil, vicdanının sakitliyi və qəlbinin təmizliyindədir. Mənim üçün ən böyük mükafat, etdiyim yaxşılıqların səmimi qəlbdən doğmasıdır. Onların nankorluğu, pisliyi və hiyləsi isə yalnız mənə həyatın gerçək üzünü göstərir. Bəzən həyat insana acı dərslər verir. İnsanların niyyətləri gözlə görünməz, amma hər bir addımın izi qalır. Mən isə addım-addım, doğru bildiyim yolu seçirəm. Qəlbim sarsılsa da, ruhum sarsılmır. Ədalətə inamım sədaqətim və yaxşılıq arzularım heç bir hiylə, böhtan və düşmənçiliklə sarsıla bilməz.
Həyatın bir qanunu var ki, hər kəs əməlinin qarşılığını görür. Yaxşılıq edən yaxşılıq görəcək, pislik edən isə öz yaratdığı zülmlə üzləşəcək. Mənim vəzifəm isə sadəcə dürüst olmaq, doğru yolu qorumaq və insanlıqdan imtina etməməkdir.
Əli İbrahimov, hüquqşünas