EN

Ədalət Ələkbərov: “Zəif rəqib yox, oyuna zəif yanaşma olur” - VİDEO

Azərbaycan futzal millisinin üzvü Ədalət Ələkbərov Danimarka ilə yoldaşlıq oyununda vurduğu qoldan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, millinin heyətində üçün qolun müəllifi olan futzalçı ilk oyundakı məğlubiyyətin səbəblərinə toxunub.

Onun sözlərinə görə, əvvəlki qarşılaşmada həm hücum epizodlarından düzgün istifadə olunmayıb, həm də rəqib üçün lazımsız boşluqlar yaradılıb. Oyundan sonra baş məşqçi səhvləri videoanalizlərlə izah edib və komandanın necə oynamalı olduğunu futbolçulara bir daha çatdırıb.

Ələkbərov bildirib ki, qısa müddətdə hər şeyi dəyişmək mümkün olmasa da, cavab oyununda bəsit səhvlərdən qaçmaq əsas rol oynayıb. O, məğlubiyyətin yaratdığı məyusluq və revanş istəyinin qələbəyə ciddi təsir göstərdiyini vurğulayıb.

Futzalçı Danimarka millisinin zəif rəqib kimi dəyərləndirilməsinin doğru olmadığını da qeyd edib. Onun sözlərinə görə, rəqib komanda bundan əvvəl Norveçi böyük hesabla məğlub edib və rəsmi oyunda Qazaxıstan kimi təcrübəli heyətə qalib gəlib. Ələkbərov bunu “zəif rəqib yox, oyuna zəif yanaşma olur” fikri ilə ifadə edib.

Millidə ilk qolunu vurduğunu xatırladan Ədalət Ələkbərov bu anın onun üçün xüsusi olduğunu deyib. O, vurduğu qolu dünyasını vaxtsız dəyişmiş atasına ithaf etdiyini bildirib.

İdman.Biz
Chosen
75
idman.biz

1Sources