EN

Çində qalmaqal: Ordunun əsas generalı ölkəsinin nüvə sirrlərini ABŞ-yə ötürüb...

The Wall Street Journal: Pekində qapalı brifinqdə səslənən iddialar siyasi elitanı silkələyib...

Poliqon xəbər verir ki, Çinin ən nüfuzlu hərbi fiqurlarından biri, Mərkəzi Hərbi Komissiyanın sədr müavini və Siyasi Büro üzvü Çjan Yusya ABŞ-yə Çin Xalq Respublikasının nüvə silahları ilə bağlı əsas texniki sirləri ötürməkdə şübhəli bilinir.

The Wall Street Journal nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, qapalı brifinq zamanı səsləndirilən ən sarsıdıcı ittiham məhz Çjanın Çin nüvə arsenalına dair kritik texniki məlumatları ABŞ-nin müvafiq strukturlarına ötürməsi olub. Bu iddia Pekində aparılan daxili istintaq çərçivəsində xüsusi diqqət mərkəzinə alınıb.

İttihamların bir hissəsi Çin Milli Nüvə Korporasiyasının (CNNC) sabiq baş direktoru Qu Tszyundan daxil olan ifadələrə əsaslanır. CNNC Çinin bütün nüvə proqramlarına nəzarət edən əsas dövlət qurumudur. Qu Tszyun da hazırda istintaq altındadır və onun ifadələrinin işin gedişinə ciddi təsir etdiyi bildirilir.

Çjan Yusya eyni zamanda partiya daxilində “siyasi kliklər” formalaşdırmaqda, yəni Çin Kommunist Partiyasının birliyini sarsıdan təsir şəbəkələri yaratmaq cəhdlərində və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Rəsmi ittiham sənədlərində bunun partiya intizamına və dövlət təhlükəsizliyinə ciddi zərbə olduğu vurğulanır.

Generalın süqutu onun keçmiş müdafiə naziri Li Şanfunun irəli çəkilməsi ilə də əlaqələndirilir. Daha əvvəl korrupsiya ittihamları ilə gündəmə gələn Li Şanfunu yüksəltməkdə Çjanın rol oynadığı, bunun müqabilində isə böyük məbləğdə rüşvət aldığı iddia olunur.

İstintaq orqanları həmçinin Çjan Yusyanın hərbi texnika və silah sistemlərinin hazırlanması və satınalmasına cavabdeh olan nüfuzlu quruma nəzarətini də araşdırır. Mənbələrin bildirdiyinə görə, o, bu iri miqyaslı hərbi satınalma sistemi daxilində vəzifə yüksəlişi müqabilində milyonlarla dollar dəyərində qeyri-qanuni ödənişlər əldə edib.

Bəzi mənbələrin məlumatına görə, artıq Çjan Yusya və Baş Qərargahın (Birləşmiş Qərargah) rəisi, general Lyu Çjenli ilə birlikdə yüksəlmiş çoxsaylı zabitlərin mobil cihazları müsadirə olunub. General Lyu Çjenli də paralel şəkildə istintaq altındadır.

Nəticə etibarilə, bu iki fiqurla əlaqəli olan minlərlə zabitin potensial təqib hədəfinə çevrilə biləcəyi qeyd olunur. WSJ yazır ki, baş verənlər Çin ordusu və siyasi elitası daxilində son onilliklərin ən genişmiqyaslı təmizləmə proseslərindən birinə işarə edir.

Poliqon.info

Chosen
106
35
poliqon.info

10Sources