EN

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

Türkiyədə doğum səviyyəsinin azalması fonunda gənclərin sayının azalması yaxın on il ərzində bir sıra özəl ali məktəblərin fəaliyyətinin tam dayandırılması və ya birləşdirilməsi təhlükəsini yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Milliyet” qəzeti yazır. Qəzet xatırladır ki, ötən ilin yekunlarına görə, Türkiyənin özəl ali məktəblərində yerlərin yalnız 75,8 faizi dolub.

Nəşr Türkiyə Statistika İnstitutunun proqnozlarına diqqət çəkir. Həmin proqnozlara əsasən, qarşıdakı beş il ərzində ölkədə ibtidai sinif şagirdlərinin sayı 900 min nəfər azalacaq.

Məqalədə qeyd olunur ki, qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq. Gəlirlərinin 80 faizdən çoxu təhsilhaqqı ödənişləri hesabına formalaşan özəl universitetlər daha çox zərər görəcək. Mövcud demoqrafik meyillər davam edərsə, hər il 1 milyondan çox abituriyentin qəbuluna hesablanmış Türkiyənin ali təhsil sistemində ciddi tələbə çatışmazlığı yaranacaq.

Qəzet bildirir ki, maliyyə strukturu zəif olan bir sıra özəl universitetlər üçün bağlanma və ya digər ali məktəblərlə birləşmə qaçılmaz ola bilər.

Nəşr dünya təcrübəsinə də istinad edir. “Yaponiya, Cənubi Koreya və bəzi Avropa ölkələri artıq tələbə cəlb etməkdə çətinlik çəkən, fəaliyyətsiz vəziyyətdə qalan “zombi-universitetlər” problemi ilə üzləşiblər. Cənubi Koreyada son 20 ildə 22 universitet bağlanıb. Gözlənilir ki, qarşıdakı 10 il ərzində daha 30-dan çox təhsil müəssisəsi fəaliyyətini dayandıracaq, universitetlərə qəbul olunan tələbələrin sayı isə 2040-cı ilədək 39 faiz azalacaq”, - deyə qəzet yazır.

“Türkiyənin Ali Təhsil Şurasında tələbələrin marağının azaldığı özəl universitetlər üzrə qəbul kvotalarının ixtisar ediləcəyi barədə əvvəllər açıqlama verilməsi təsadüfi deyil. Eyni zamanda, yaxın vaxtlarda təxminən tələbatı azalan və ya “köhnəlmiş” 175 proqram bağlana bilər. Ali məktəblərdə “demoqrafik qış” riskinin aradan qaldırılması üçün yerli tələbə kontingentinin azalmasının yüz minlərlə xarici tələbənin cəlb edilməsi hesabına balanslaşdırılması təklif olunur”, – deyə “Milliyet” vurğulayır.

Chosen
47
3
azerbaijan-news.az

4Sources