EN

Çin hakimiyyəti vətəndaşları Qərb mədəniyyətini tərifləyən məzmundan çəkindirib

Pekin internetdə Qərb həyat tərzinin ideallaşdırılmasını “yumşaq ideoloji müdaxilə” riski kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) WeChat sosial şəbəkəsində yaydığı bəyanatda Qərb ölkələrinin həyat tərzini və mədəniyyətini tərifləyən onlayn məzmunun zərərli ola biləcəyi barədə vətəndaşlara xəbərdarlıq edib. Nazirlik eyni zamanda internet məkanında Çin milli mədəniyyətinin aşağılanmasına yönələn cəhdlərdən uzaq durmağa çağırıb.

Bəyanatda qeyd olunur ki, bəzi sosial media kontent yaradıcıları “zərif sivilizasiya” və “xarici həyat tərzi” anlayışlarını qabardaraq müqayisə çərçivələri formalaşdırır, bu çərçivələrdə Qərb ölkələrinin üstün cəhətləri önə çəkilir, zəif tərəfləri isə kölgədə saxlanılır. Nazirliyin fikrincə, bu cür yanaşma ictimai rəyə birtərəfli təsir göstərir.

DTN vurğulayır ki, bu tip təbliğat ssenariləri adətən Çinin daxili inkişaf nailiyyətlərini görməzdən gəlir, mövcud problemləri isə ya şişirdir, ya da uydurur. Nəticədə sosial şəbəkələrdə “xaricdə Ay daha dairəvidir” kimi yanlış təsəvvür formalaşdırılır və Qərb ideologiyasının “yumşaq müdaxiləsi” üçün zəmin yaradılır.

Nazirlik ölkə vətəndaşlarını “sağlam” kiber-mühitin formalaşdırılması naminə birgə fəaliyyətə çağırıb, ideoloji təhlükəsizliyin qorunması üçün “keçilməz baryer” yaradılmasının vacibliyini bildirib. DTN həmçinin internetdə qanunazidd təbliğat hallarının müvafiq “isti xətt” vasitəsilə aidiyyəti qurumlara bildirilməsini tövsiyə edib.

Poliqon.info

Chosen
14
poliqon.info

1Sources