Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.
Bildirilib ki, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasında mövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi, investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanları yaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladıb. Söhbət zamanı dost ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.