EN

"Şagird istedadının üzə çıxarılmasında məktəbin rolu vacibdir" - EKSPERT DANIŞDI

"Şagirdlərin şəxsi maraq və istedadlarının ortaya çıxarılması üçün məktəbin rolunu gücləndirmək mümkündürmü, yoxsa bu daha çox ailənin məsuliyyətidir sualı bu gün aktual məsələlərdəndir". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bu kimi mövzularda təkcə bir tərəfin deyil, bir neçə tərəfin rolu vacibdir: "İlk növbədə müəllimlər tədris prosesi zamanı şagirdlərin maraq və bacarıqlarını müşahidə etməli, istedadlı uşaqların üzə çıxarılması ilə bağlı daha fəal təşəbbüs göstərməlidirlər. Müəllimin diqqəti və yönləndirməsi şagirdin öz potensialını dərk etməsində mühüm rol oynayır.

Eyni zamanda valideynlərin də bu prosesdə diqqətli və maraqlı olması böyük əhəmiyyət daşıyır. Ailə mühiti uşağın istedadının formalaşması və inkişafı üçün əsas amillərdən biridir və valideynlərin dəstəyi olmadan bu prosesin uğurlu olması çətindir.

Bununla yanaşı, bu sahədə xüsusi rol oynayan qurumlar da mövcuddur. Məsələn, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq yaradıcılıq birlikləri istedadına güvənən şagirdlər üçün geniş imkanlar yaradır. Şagirdlər bu birliklərə qoşularaq öz bacarıqlarını inkişaf etdirə, maraqlarını daha peşəkar səviyyəyə yüksəldə bilərlər.

Bildiyiniz kimi, bu qurumlar dövlət hesabına maliyyələşdirilir. Necə ki, ümumi təhsil məktəbləri dövlət tərəfindən maliyyələşdirilir, eləcə də uşaq yaradıcılıq birlikləri dövlət dəstəyi ilə fəaliyyət göstərir və istedadlı şagirdlərin üzə çıxarılmasında, onların potensialının inkişaf etdirilməsində mühüm rol oynayır".

Müəllif: Günel Fərzəliyeva
Chosen
14
1
sia.az

2Sources