EN

Şəhid leytenant Zamin Məmmədovun xatirəsi ehtiramla anılıb

Babək rayonunun Nehrəm qəsəbəsində Vətən uğrunda şəhid olmuş leytenant Zamin Allahverdi oğlu Məmmədovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Anım tədbiri çərçivəsində şəhidin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xalqımızın qüruru olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid övladlarımızın xatirəsi daim uca tutulur. Qeyd olunub ki, şəhidlərimizin qəhrəmanlığı milli ruhumuzun ən parlaq təcəssümüdür, onlar Vətən sevgisinin, mərdliyin və fədakarlığın rəmzləridir. Vurğulanıb ki, gənc nəsil bu qəhrəmanların həyat yolundan nümunə götürməli, Vətənə sədaqət və məsuliyyət hissi ilə xidmət etməlidir.

Tədbirdə çıxış edən digər natiqlər şəhid leytenant Zamin Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlikdən və yüksək vətənpərvərlik nümunəsindən söz açıblar. Onun mübarizliyi, peşəkarlığı və Vətən uğrunda göstərdiyi fədakarlıq Babək gəncləri üçün örnək kimi dəyərləndirilib.

Şəhid leytenant Zamin Allahverdi oğlu Məmmədov 5 oktyabr 1985-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 1992-ci ildə orta məktəbə daxil olmuş, 2000–2003-cü illərdə orta təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə başa vurmuşdur. Hərb sənətinə böyük maraq göstərən Zamin Məmmədov liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır.

Ali hərbi təhsilini uğurla başa vurduqdan sonra leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə cəbhə bölgəsinə — Ağdam istiqamətinə göndərilmişdir. Xidmət dövründə cəsarəti, peşəkarlığı və Vətənə sədaqəti ilə seçilmişdir.

2008-ci ildə döyüş zamanı ayağından güllə yarası alan leytenant Zamin Məmmədov müalicə olunduqdan sonra yenidən döyüş mövqeyinə qayıdaraq xidmətini davam etdirmişdir. 2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaqdır.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi



Chosen
14
herbiand.az

1Sources