EN

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Tehranın əhalisinin əhəmiyyətli bir hissəsinin azərbaycanlıların təşkil etməsi isə yeni mövzu deyil.
1977-1982-ci illərdə SSRİ-nin İranda fövqəladə və səlahiyyətli səfiri olmuş Vladimir Vinoqradov 1987-ci ildə yazdığı “Şahdan Xomeyniyə” adlı məqaləsində səfir olduğu vaxt Tehranda bir milyon yarım azərbaycanlı yaşadığını qeyd edir. 1976-cı il siyahıyaalınmasına görə, Tehranın əhalisi təxminən 4,49 milyon nəfər olub. Həmin dövrdə İranın əhalisi də təxminən 33-34 milyon idi. BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. O bildirib ki, Vinoqradovla eyni dövrdə sovet kəşfiyyatının İrandakı rezidenti olmuş Leonid Şebarşin “Moskvanın əli. Xarici kəşfiyyat rəisinin qeydləri” kitabında Tehranda böyük azərbaycanlı icmasının olmasını İslam İnqilabının gerçəkləşməsini təmin edən əsas amillərdən biri olaraq vurğulayır: “Vinoqradov və Şebarşinin bəhs etdiyi dövr Azərbaycan türklərinin heç də hamısının milli mənsubiyyətini dərk etdiyi dövr deyildi. Hətta bu gün də İranda yaşayan bütün soydaşlarımızın milli kimliyini dərk etdiyini söyləmək olmaz. Bu mənada 2010-cu ildə İranda keçirilmiş “Ölkənin ümumi mədəniyyət göstəricilərinin öyrənilməsi və ölçülməsi layihəsi”nin nəticələrini mübahisəsiz qəbul etmək çətindir. Həmin layihə çərçivəsində 2010-cu ildə Tehran əyalətinin ana dilinə əsasən etnik tərkibi ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, Tehranın əhalisinin 41.10 faizini fars dilini ana dili hesab edənlər, 34.50 faizini türk dilini ana dili hesab Azərbaycan türkləri təşkil edir. Heç şübhəsiz ki, fars dilinin dövlət dili olduğu totalitar bir ölkənin paytaxtında yaşayan azərbaycanlıların heç də hamısı ana dilinin Azərbaycan (türkçəsi) dili olduğunu ifadə etməyib. Xüsusilə, dini, hərbi və mülki bürokratiyada təmsil olunan azərbaycanlıların bir qisminin öz ana dilləri kimi fars dilini göstərmələri mümkündür. Digər tərəfdən ana dilinin hansı dil olduğunu göstərməyənlərin çox böyük hissəsinin məhz azərbaycanlılar olduğunu ehtimal etmək də çətin deyil. Totalitar bir dövlətdə belə hallar həmişə və dünyanın hər yerində müşahidə olunur. Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazimi “İranın müasir etno-mədəni mənzərəsi” adlı məqaləsində belə yazır: “Əlbəttə ki, Tehran əhalisinin marginallaşdırıldıgını bilirik. Ölkənin paytaxtı olaraq Qacarlar zamanından bu şəhər “ərbablar” və “nökərlər” şəhəri sayılır. Hətta nökər olmaq üçün də fars dilini ləhcəsiz bilməli və danışmalısan. Tehranda çox sayda türk və kürd ailələri özlərini fars olaraq təqdim edib, hətta qohum və yaxınları ilə görüşəndə belə ana dilində danışmayıb ki, “səviyyəsi” aşagı düşər. Belə tehranlıların övladları indi bir azərbaycanlı ilə rastlaşanda nostalji ilə “pedəre bozorge mən həm tork bude...” (mənim də babam türk olub) deyir”. Bütün bunlar isə onu deməyə əsas verir ki, Tehranda azərbaycanlılar azlıq deyil, çoxluq təşkil edirlər. Bu mənada Tehran əyalətinin 15 milyona çatan əhalisinin 8.5 milyonunu azərbaycanlıların təşkil etməsi haqqında Pərviz Kaziminin məlumatını gerçəkliyə daha yaxın hesab edirəm. Ancaq hətta 15 milyonun yarısını soydaşlarımız təşkil edirsə, bu artıq bizi ciddi düşünməyə vadar etməlidir. Ona görə də Güney Azərbaycanın istiqlalından danışarkən Tehranı unutmaq fəlakətli səhv olar.

Tehran Güney Azərbaycanın bir parçasıdır!”

Chosen
9
1
buta.tv

2Sources