EN

Vətəndaşların NƏZƏRİNƏ: Bu zənglər pulsuz ola bilər

Vətəndaşların dövlət qurumlarının “qaynar xətt”lərinə zəng edərkən uzun müddət gözləməsi və bu zaman əlavə xərc çəkməsi cəmiyyətdə narazılıq doğurur. Maraqlıdır, sosialyönümlü dövlət prinsiplərinə uyğun olaraq bu zənglərin tam ödənişsiz edilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu problem dəfələrlə qaldırılıb, lakin hələ də öz həllini tapmayıb.

Onun sözlərinə görə, “qaynar xətt” anlayışı artıq formal xarakter daşıyır:

“Ümumiyyətlə bu qaynar xəttlər artıq çoxdandır soyuq xəttə çevrilib, hətta donmuş xətt demək olar. Həm maddi vəsait qoyulur, həm də vətəndaşlar çətinliklərlə üzləşir. Telefonu götürmürlər. Dəfələrlə bu məsələni qaldırmışıq”.

Deputat vurğulayıb ki, vətəndaşların problemlərinin bu yolla “yola verilməsi” düzgün yanaşma deyil və əsas məqsəd vətəndaş məmnunluğunun təmin olunmasıdır:
“Vətəndaş lap 10 dəfə zəng etsin, bu problem həll olunmalıdır.

Aşağıda narazılıq deyilən simptomlar müvafiq qurumlar tərəfindən bu vasitə ilə aradan qaldırılmalıdır. Dəqiq cavablar verilməlidir ki, vətəndaş da razı qalsın”.

Fazil Mustafa həmçinin qaynar xətlərə zənglərin ödənişli olmasını mənfi hal kimi qiymətləndirib və əlavə edib ki, zənglərə cavab verilməməsi məsələsi ictimai nəzarət çərçivəsində gündəmdə saxlanılmalıdır:

“Həm ödənişli olması, həm də ümumiyyətlə cavab verilməməsi yolverilməzdir. Müvafiq qurumların bu sahədəki səhlənkarlığı aradan qaldırılmalıdır”.

Qeyd edək ki, vətəndaşlar uzun müddətdir bir çox dövlət qurumlarının qaynar xətlərinin effektiv işləməməsindən və əlavə xərc yaratmasından şikayətlənirlər. Məsələnin yaxın vaxtlarda həll olunub-olunmayacağı isə hələlik açıq qalır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources