Bakı, 26 yanvar, AZƏRTAC
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 54 min 500 şəxsə əlillik təyin edilib. Onlardan 25 min 300-nə ilkin, 29 min 200-nə isə təkrar əlillik təyin olunub. Bu da 2024-cü illə müqayisədə müəyyən qədər artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, son 3 ildir əlillik təyinatlarının ilk üçlüyündə yenitörəmələr, sinir sistemi və psixiatrik xəstəliklər dayanır. Qeyd edilib ki, son 1 ildə qurumun müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib. Onlardan 78 min 600 nəfər ambulator, 33 min 200 nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib. Bu kateqoriyadan olan 13 min 700 şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim edilən reabilitasiya vasitələrinin sayı isə 2,2 dəfə artıb.