EN

Milyonlarla istifadəçisi olan qlobal platformada çalışan azərbaycanlı mühəndis - MÜSAHİBƏ

London, 26 yanvar, AZƏRTAC

Müasir dövrdə milyonlarla istifadəçisi olan qlobal texnologiya platformalarının fasiləsiz və etibarlı şəkildə işləməsi son dərəcə məsuliyyətli mühəndislik işinin nəticəsidir. Bu sistemlərin arxasında dayanan mütəxəssislərdən biri də azərbaycanlı mühəndis İlkin Məmmədzadədir. Hazırda Amerika Birləşmiş Ştatlarınınaparıcı texnologiya platformalarından biri olan “Yelp”də texniki rəhbər və sayt etibarlılığı üzrə mühəndis kimi çalışan İlkin Məmmədzadə AZƏRTAC-a müsahibəsində texnologiyaya marağının necə yarandığından, qlobal miqyaslı platformalarda işləməyin məsuliyyətindən, süni intellektin sistemlərin idarəolunmasında rolundan və azərbaycanlı gənclərin bu sahədə uğur qazanması üçün vacib olan bacarıqlardan danışıb.

- Texnologiya sahəsinə marağınız necə yarandı və sizi sayt etibarlılığı mühəndisliyi istiqamətinə gətirən əsas mərhələlər hansılar olub?

- Texnologiyaya marağım məktəb illərində evimizə ilk kompüterin gəlməsi ilə başlayıb. O vaxtlar indiki kimi yüngül noutbuklar yox idi, ağır bir sistem bloku idi. Yadımdadır, hər ay ən azı bir dəfə bilmədiyim əməliyyatları yoxlayarkən sistemi sıradan çıxarırdım. Atam da hər dəfə səbrlə o ağır bloku təmirə aparıb gətirirdi. Amma bir neçə aydan sonra artıq nəyi edib-etməməli olduğumu, sistemin necə çalışdığını anlamağa başladım. Bu maraq sonradan riyaziyyata olan sevgimlə birləşdi. 9-cu sinifdən etibarən kompüter elmləri üzrə təhsil almağa qərar verdim. Universitetdən sonra proqram təminatı mühəndisi kimi çalışdım, daha sonra isə “Simbrella” şirkətində sayt etibarlılığı mühəndisliyi sahəsi ilə tanış oldum. Həmin dövrdə ölkədə bu istiqamət yeni idi və ilk peşəkar komandaların formalaşdırılmasında iştirak etmək həm çətin, həm də dəyərli təcrübə oldu.

- “Yelp” kimi qlobal texnologiya şirkətində texniki rəhbər və sayt etibarlılığı üzrə mühəndis kimi çalışmaq nə deməkdir, gündəlik işiniz nələri əhatə edir?

- Sayt etibarlılığı mühəndisliyi özlüyündə kifayət qədər məsuliyyətli bir sahədir. Çünki sistemin canlılığı, dolayısı ilə şirkətin gəliri və reputasiyası birbaşa sizin gördüyünüz işin keyfiyyətindən asılıdır. Texniki rəhbər rolu isə bu məsuliyyəti bir addım daha irəli apararaq həm texnoloji strategiyanı, həm də komandanın inkişafını idarə etməyi tələb edir. Gündəlik iş qrafikimi bir neçə əsas istiqamətə bölə bilərəm. Birinci və ən vacib prioritetimiz sistemlərin dayanıqlı və etibarlı şəkildə çalışmasıdır. Lakin biz bunu sadəcə “yanğın söndürməklə” etmirik. Sayt etibarlılığı mühəndisliyinin əsas prinsiplərindən biri “self-service” mühit yaratmaqdır. Yəni biz digər komandalar üçün hər dəfə iş görmək əvəzinə, elə ağıllı sistemlər qururuq ki, mühəndislər bizə ehtiyac duymadan öz infrastrukturunu idarə, problemləri diaqnoz edə bilsinlər. Bu yanaşma sayəsində komanda və işçi sayı artsa da, bizim iş yükümüz eyni templə böyümür və miqyaslanma (“scaling”)  problemi yaşamırıq. İşimin digər mühüm hissəsi isə strateji əlaqələrdir. Digər komandalarla mütəmadi görüşür, onların bugünkü ehtiyaclarını və gələcək planlarını dinləyirəm. Bu “feedback”lər əsasında komandamızın gələcək vizyonunu və yol xəritəsini hazırlayıram.

Eyni zamanda, paralel olaraq bir neçə layihənin rəhbərliyini həyata keçirirəm. Burada əsas vəzifəm layihənin düzgün istiqamətdə getdiyinə və komanda yoldaşlarımın hədəfi tamanladığına əmin olmaqdır. Uğuru ölçmək üçün hər layihənin əvvəlində bir neçə kritik metrika təyin edir və şəffaflığı təmin etmək üçün bunu bütün maraqlı tərəflərlə paylaşıram. Təbii ki, insan faktoru. Bir lider olaraq komandamdakı mühəndislərin texniki inkişafı, onların ən vacib problemlərə fokuslanması və ən əsası, sevdikləri, zövq aldıqları işlərlə məşğul olmaları mənim üçün uğurun əsas meyarıdır.

- Sayt etibarlılığı mühəndisi anlayışını texniki sahədən uzaq oxucular üçün necə izah edərdiniz?

- Təsəvvür edin ki, siz kiçik bir kafe açmısınız. Başlanğıcda cəmi 5 işçiniz və gündəlik 100 müştəriniz var. Hər şey nəzarət altındadır, hər kəslə tək-tək maraqlana bilirsiniz. İndi isə təsəvvür edin ki, biznesiniz inanılmaz dərəcədə böyüyür: işçi sayınız 5-dən 3000-ə, müştəri sayınız isə 100-dən 10 milyona çatır. Artıq o kiçik kafeni idarə etdiyiniz üsullarla bu nəhəng şəbəkəni idarə edə bilməzsiniz. Əgər sistem düzgün qurulmasa, kütləvi müştəri axını altında hər şey çökər, işçilər isə xaos içində qalar. Bax, sayt etibarlılığı mühəndisi məhz bu nöqtədə dövrəyə girir. Bizim işimiz həmin o "kiçik kafeni" elə bir texnoloji infrastruktura çevirməkdir ki, istifadəçi sayı 10 milyona çatsa belə, hər bir müştəri tətbiqi açanda eyni sürəti və problemsiz xidməti görsün. Eyni zamanda, şirkətin minlərlə mühəndisi də bir-birinə mane olmadan, sanki saat mexanizmi kimi rahatlıqla öz işlərinə fokuslana bilsinlər. Qısacası, sayt etibarlılığı mühəndisliyi bir sistemin həm milyonlarla insan üçün eyni anda əlçatan olmasını təmin edən, həm də o sistemin arxasındakı mühəndislər üçün "yol hərəkəti qaydalarını" və "avtomatik idarəetməni" quran sahədir. Sayt  etibarlılığı mühəndisi texnologiyanın görünməyən qəhrəmanlarıdır. Hər şey mükəmməl işləyirsə, deməli, iş yaxşı görülüb.

- Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz bir qərar və ya layihə olubmu?

- Karyeramda ən böyük dönüş nöqtəsi, bəlkə də, qorxularımın üzərinə getməyə məcbur olduğum o illərdir. Bakalavr təhsilimi bitirib,Dövlət Proqramı ilə İzmirə, Ege Universitetinə magistraturaya yollananda ağlımda tək bir düşüncə var idi: “Mən proqramçı olmaq istəmirəm”. Nədənsə,Bakı Dövlət Universitetində oxuduğum illərdə məndə elə bir təəssürat yaranmışdı ki, proqramlaşdırma mənlik deyil. Mən daha çox sistem və şəbəkə inzibatçılığına meyil edirdim. Ege Universitetində dərslərə başlayanda proqramlaşdırmanın məcburi olduğunu gördüm. İlk planım sadə idi: dərindən öyrənmədən, sadəcə keçid balı alıb,bu dərsləri geridə qoymaq. Amma çox keçmədən anladım ki, proqramlaşdırma əzbərlənəcək bir şey deyil, o, tam fərqli bir məntiqlə “yaşadılmalıdır”. O andan etibarən mənim üçün yuxusuz gecələr və böyük əziyyətlərlə müşayiət olunan yeni bir dövr başladı. Məhz o çətinlik mənim bu sahəyə baxışımı kökündən dəyişdi.

Bu dövrdə qarşıma çıxan doğru yönləndirmə və dəstək sayəsində dərslərlə yanaşı,ilk peşəkar iş təcrübəmi qazandım. Daha sonra proqram təminatı sahəsində çalışaraq sistemlərin qurulması və böyük həcmli verilənlər bazaları ilə işləmək imkanım oldu. Geriyə baxanda anlayıram ki, bu mərhələ mənim üçün təkcə təhsil deyil, həm də karyera yolumun və özüməinamın formalaşdığı əsas dönüş nöqtələrindən biri idi.

- Qlobalmiqyaslı platformalarda sistemlərin fasiləsiz işləməsini təmin etmək nə üçün bu qədər vacibdir?

- Qlobal platformalar artıq sadəcə proqram deyil, insanların gündəlik həyatının ayrılmaz hissəsidir. Bank, xəritə və ya iş platformasının cəmi bir neçə dəqiqəlik dayanması milyonlarla istifadəçinin işinin pozulmasına və ciddi maliyyə itkilərinə səbəb ola bilər. Bu, həm platformanın reputasiyasına zərbə vurur, həm gəlir itkisi yaradır, həm də bir-biri ilə əlaqəli olan yüzlərlə biznes üçün zəncirvari problemlər doğurur.

- Azərbaycanlı bir mühəndis kimi beynəlxalq texnologiya mühitində çalışmaq sizə hansı üstünlüklər verirvə məsuliyyətlər yaradır?

- Beynəlxalq mühitdə çalışmaq mənim üçün həm böyük təcrübə məktəbi, həm də məsuliyyətdir. Müxtəlif ölkələrdən olan mütəxəssislərlə işləmək mühəndisliyə qlobal baxış formalaşdırır və ən mürəkkəb problemlərə geniş miqyasda yanaşmağı öyrədir. Eyni zamanda, xaricdə qazandığım hər uğur Azərbaycan mühəndisinin potensialını nümayiş etdirmək və gələcək nəsillər üçün yol açmaq deməkdir. Bu bilik və təcrübəni yerli texnoloji ekosistemə ötürmək isə mənim üçün şəxsi bir missiyadır

- Azərbaycan gənclərinin texnologiya sahəsində qlobal uğur qazanması üçün hansı bacarıqlar xüsusilə vacibdir?

- Gənclərin qlobal bazarda uğur qazanması üçün təkcə texniki bilik kifayət deyil. Texnologiya sürətlə dəyişdiyi üçün əsas bacarıq öyrənməyi öyrənmək və problemləri dərindənaraşdırmaqdır. Eyni zamanda, fikrini aydın ifadə etmək, komanda ilə işləmək və fərqli mədəniyyətlərə uyğunlaşmaq da ən az texniki bilik qədər vacibdir. Gənclərə tövsiyəm çətinliklərdən qorxmamaq və hər bir maneəni yeni öyrənmə fürsəti kimi görməkdir.

- Sizcə, Azərbaycanda informasiya texnologiyalarısektoru hansı istiqamətlərdə inkişaf etməlidir?

- Azərbaycanın informasiya texnologiyalarısektoru qlobal rəqabətdə güclənmək üçün “outsourcing”dən öz məhsullarını yaradan modelə keçməlidir. Mühəndislik mədəniyyətinin inkişafı, təhsil və biznes arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də innovativ ekosistemin dəstəklənməsi əsas prioritetlərdir. Əgər bu potensialı düzgün istiqamətləndirsək, yaxın gələcəkdə regionun texnoloji mərkəzinə çevrilmək üçün heç bir maneə görmürəm.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
35
azertag.az

1Sources