EN

Şura: Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə azalmasa, inzibati tədbirlər görüləcək

Azərbaycan Respublikası Audiovizual Şurasında televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib.

Bu barədə APA-ya Şuradan məlumat verilib.

Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayının statistikası müzakirə olunmuşdur. Keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunmuşdur. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmamışdır.

İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılmışdır. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunmuş, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirlməsi xahiş olunmuşdur. Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilmişdir. Bundan sonra, monitorinqin nəticələri dəqiqləşdirilmiş və yenilənmişdir.

Monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunmuşdur.

Görüşdə aparılan monitorinq işlərinin davamlı olacağı diqqətə çatdırılmış, monitorinqin nəticələrinin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunmuşdur. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi bildirilmiş, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə qanunvericiliyiə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunmuşdur.

Chosen
42
11
apa.az

10Sources