EN

Həndbolçu, tibb bacısı, pop diva – Aygün Kazımova əslində kimdir?

Azərbaycan estradasının əfsanəsi, Xalq artisti Aygün Kazımova bu gün – 26 yanvar 2026-cı ildə 55 yaşını tamamlayır. Uzun illər səhnədə olan sənətçi həm musiqi yaradıcılığı, həm qalmaqalları, həm də həyat tərzi ilə daim ictimaiyyətin diqqət mərkəzində olub.

Vətəninfo.az  Xalq artistinin doğum günü münasibəti ilə həyat və yaradıcılığıyla bağlı dosye hazırlayıb.

Həyat və yaradıcılığı

Aygün Kazımova 1971-ci ildə Bakıda dünyaya gəlib. Musiqi karyerasına “Bakı Payızı-88” müsabiqəsində qazandığı uğurla start verib və Azərbaycan pop musiqisinin formalaşmasında mühüm rol oynayan sənətçilərdən birinə çevrilib.

Sənətçi illər ərzində bir neçə albom çıxarıb və onlarla hit mahnıya imza atıb. Xüsusilə, canlı konsertləri, klipləri, cəsarətli səhnə imici, əməliyyatları və şəxsi həyatı ilə diqqət mərkəzində olmağı bacarıb. Aygün Kazımova Azərbaycan estradasında “pop diva” kimi tanınıb.

2013-cü ildə amerikalı rep ifaçısı Snoop Dogg ilə birgə layihəsi onu beynəlxalq səviyyədə də tanıtdı.

Təhsili və erkən karyerası

Orta məktəbdə oxuyarkən Aygün həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə, “Ozan” qrupunun solisti kimi çıxıb. 1986-cı ildə Mədəni Maarif Texnikumunda təhsil alıb, lakin müəyyən səbəblərdən təhsili yarımçıq qalıb.

O dövrlərdə “Aypara” və “Qaya” vokal-instrumental ansambllarında solist kimi fəaliyyət göstərib. “Aypara” qrupunun solisti olduğu dönəmdə Aygün Məlik və Alim Qasımovla birlikdə “Rəhm eylə bizə, İlahi” adlı mahnını duet şəklində ifa edib.

Şəxsi həyatı

1989-cu ilin 24 dekabrında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimov ilə evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Lakin çox qısa müddət sonra, 1991-ci ildə həyat yoldaşından ayrılır. Ayrılma səbəbi olaraq həyat yoldaşının ona səhnəyə çıxmağa icazə verməməsi və münasibətlərindəki problemlər göstərilir.

Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə yaşadığı eşqlə illərlə medianın və tamaşaçıların diqqət mərkəzində olub.

Peşəkar səhnə fəaliyyəti

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə “Bakı payızı” yarışmasında Vaqif Gərayzadənin “Yarım eşitsin məni” mahnısını ifa edərək çıxıb və ilk qrand-prisini qazanıb.

1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində könüllü tibb bacısı kimi iştirak edib. O, Qubadlı və Zəngilan rayonlarında təxminən 1 ay xidmət göstərib.

1990-cı ildə Sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə “Şəhidlər” mahnısını oxuyub.

Böyük uğurlar və mükafatlar

2000-ci ildə Heydər Əliyev Sarayında “Ya devuşka vostoçnaya” adlı solo konsertini verib və həmin il Qrand Milli Mükafatları çərçivəsində “İlin müğənnisi”, “İlin konserti” və “İlin hiti” nominasiyalarında qalib olub.

2001-ci ildə isə “İlin müğənnisi”, “İlin konserti”, “İlin hiti” – “Ya i ti” və “Şəklimi çək” mahnısı ilə Qrand Milli Mükafatına layiq görülüb. Eyni il bir neçə məşhur hit mahnısını təqdim edib: “Şəklimi çək”, “Depresyondayım”, “Sevdim”, “Uyma”, “Tez gəl”.

Aygün Kazımova 2000-ci ildə “Aygün”, 2001-ci ildə isə “Sevdim” albomlarını çıxarıb.

2016-cı ildə Almaniyanın DAF BAMA Music Awards 2016 beynəlxalq mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb. O, bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

2017-ci il sentyabrın 22-də səhnə fəaliyyətinin 30 illiyini qeyd edən “Aygün Kazımova – 30 il” proqramı ilə Kristal Zalda konsert verib. 1 iyun 2019-cu ildə isə Heydər Əliyev Mərkəzinin qarşısında “Aygün şou” adlı canlı solo konsert təqdim edib.

Yeni hədiyyə sevənlərinə

Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq ad günündə yenə də sevənlərinə sürpriz edib. Bu dəfə pop kraliça “Oxudum” adlı yeni mahnısını təqdim edib. İfa artıq “YouTube” kanalında yerləşdirilib.Musavat.com

Chosen
50
8
veteninfo.az

10Sources