EN

Süni intellekt tədris prosesində hansı risklərə səbəb ola bilər?

Bakı, 26 yanvar, AZƏRTAC

Süni intellektdən istifadənin müəyyən riskləri mövcuddur. Ən əsas risklərdən biri, akademik dürüstlük azala bilər. Məlumatların müxtəlifliyi müəyyən çaşqınlıqlar yarada bilər. Nəzərə almaq lazımdır ki, texnoloji hazırlıq səviyyəsi hər şagirddə və müəllimdə fərqlidir. Eyni zamanda, müəllim-şagird münasibəti zəifləyə bilər. Çünki şagird suallara rahatlıqla, günün istənilən vaxtı süni intellekt vasitəsilə cavab tapa bildikdə, o, müəllimlə deyil, süni intellekt alətlərindən istifadə edərək müəyyən məlumatlara nail ola bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsil İnstitutunun əməkdaşı iqtisadiyyat üzrə fəlsəfə doktoru Xatirə Dövlətova deyib.

O bildirib ki, perspektivlər baxımından hibrid təhsil sisteminə süni intellektin tətbiqi ilə nail olmaq mümkündür: “Bu modeldə daha ağıllı və fərdiləşdirilmiş platformalarından istifadə və yeni öyrənmə metodologiyalarının yaradılmasına əsas yarada bilər.

"Süni intellekt alətlərinin təhsildə tətbiqinin analizi" adlı məqaləmdə kəmiyyət və keyfiyyət metodlarından istifadə edilib. Bu məqsədlə 21 sualdan ibarət sorğu hazırlanıb. Sorğuya ümumilikdə 147 cavab daxil olub. Sorğu suallarına verilən cavablar əsasında tədrisdə süni intellektdən istifadənin effektivliyə təsiri və bu təsirin dəyərləndirilməsi araşdırılıb.

Tədqiqat çərçivəsində çoxxətli regresiya metodu tətbiq olunub. Bu metod statistik yanaşma olub, SPSS statistik proqram paketi vasitəsilə analiz edilib. Tədqiqat prosesində əsas diqqət virtual köməkçilərdən məqsədyönlü şəkildə necə istifadə oluna biləcəyinə yönəlib. Tədqiqatın nəticələri göstərir ki, müasir akademik mühitin əsas tərkib hissələrindən birini süni intellekt təşkil edir. Süni intellekt fərdi yanaşmanın təmin edilməsi, şagird və tələbə aktivliyinin artırılması, həmçinin beynəlxalq platformalarda mövcud olan təhsil resurslarına daha geniş çıxış imkanlarının yaranmasına şərait yaradır”.

Chosen
49
azertag.az

1Sources