EN

Minnesotada ICE agentinin adam öldürməsi ilə bağlı FTB araşdırmaya başlayıb

Ağ Ev: Tramp hadisənin hərtərəfli araşdırılmasını tələb edir…

ABŞ Federal Təhqiqat Bürosu (FTB), ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ-nin Sərhəd Xidməti Minnesotada yerli sakinin İmmiqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşı tərəfindən öldürülməsindən sonra birgə istintaqa başlayıb.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib. Onun sözlərinə görə, hadisənin araşdırılmasının aparılmasında ABŞ prezidenti Donald Tramp şəxsən israr edib.

Brifinq zamanı çıxış edən Levitt bildirib ki, “Ağ Evdə, o cümlədən prezident Trampın özü də Amerikanın küçələrində insanların xəsarət almasını və ya həyatını itirməsini istəmir”. O, 37 yaşlı Aleks Prettinin ölümü ilə nəticələnən insidenti faciə adlandırıb. Brifinqin yayımı Ağ Evin YouTube kanalında canlı yayımlanıb.

Məlumata görə, federal immiqrasiya agenti Aleks Prettini yanvarın 24-də güllələyib. ABŞ-nin rəsmi qurumlarının versiyasına əsasən, mərhum hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı hücum planlaşdırır və “kütləvi qırğın törətmək niyyətində” olub.

Qeyd olunur ki, bu, Minnesotada ICE əməkdaşlarının iştirakı ilə baş verən ilk ölümcül insident deyil. Yanvarın əvvəlində ABŞ-nin miqrasiya və gömrük polisi Minnneapoliste başqa bir sakini, Rene Qudu da güllələyib. İstintaq orqanlarının iddiasına görə, qadın avtomobillə agentlərin üzərinə sürərək onlara hücum etməyə cəhd göstərib.

Hadisələr ABŞ-də miqrasiya əməliyyatları zamanı güc tətbiqi, hüquq-mühafizə orqanlarının səlahiyyətləri və mülki şəxslərin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Poliqon.info

Chosen
74
poliqon.info

1Sources