EN

Kobaxidze: Gürcüstan regional logistika mərkəzi statusunu gücləndirir

Baş nazir ölkəsini çoxfunksiyalı regional hab-a çevirəcək əsas layihələri açıqlayıb…

Poliqon xəbər verir ki, Gürcüstan qlobal ticarət marşrutlarının yenidən nəzərdən keçirildiyi bir dövrdə regional sabitlik və logistika mərkəzi kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrükçülər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, həyata keçirilən iri infrastruktur və institusional layihələr ölkənin “çoxfunksiyalı regional hab”a çevrilməsinə imkan verəcək.

Baş nazir vurğulayıb ki, bu istiqamətdə əsas rol oynayan layihələr sırasında “Şərq–Qərb” sürətli avtomagistralı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, quru limanları, eləcə də Qara dənizdə inşa edilən ən dərin dəniz limanı olan Anakliya limanı xüsusi əhəmiyyət daşıyır. Kobaxidzenin sözlərinə görə, məhz bu layihələr Gürcüstanın tranzit və logistika imkanlarını keyfiyyətcə yeni mərhələyə çıxarır.

Kobaxidze bildirib ki, dünya ticarət yollarının yenidən formalaşdığı bir şəraitdə Gürcüstan regional sabitlik və logistika mərkəzi kimi ön plana çıxır və bu prosesdə gömrük sahəsində aparılan islahatlar həlledici rol oynayır. Baş nazirin sözlərini “Sputnik Gürcüstan” yayıb.

İrakli Kobaxidze qeyd edib ki, ixrac və idxal həcmlərinin artması ilə paralel olaraq, Gürcüstanda Avropa İttifaqı ilə uyğunlaşdırılmış kompüterləşdirilmiş tranzit sistemi uğurla tətbiq olunub. Bu sistem Avropa İttifaqı və Konvensiyanın iştirakçısı olan 39 ölkə arasında yüklərin bir bəyannamə və bir zəmanət əsasında maneəsiz hərəkətini təmin edir, nəticədə logistika prosesləri sadələşir və sərhədlərdən keçid vaxtı əhəmiyyətli dərəcədə azalır.

Baş nazir əlavə edib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük-buraxılış məntəqələrinin yaradılması istiqamətində fəal iş aparılır. Onun fikrincə, bu layihələr regional əməkdaşlığın ən yaxşı nümunələrindən biridir.

Kobaxidze həmçinin vurğulayıb ki, Gürcüstan Qara dənizə çıxışı olmayan yeddi ölkə üçün bu imkanı təmin edir. Söhbət Azərbaycandan, Ermənistandan və Mərkəzi Asiyanın beş dövlətindən gedir. Onun sözlərinə görə, bu amil Gürcüstanın regional və beynəlxalq logistika zəncirində strateji əhəmiyyətini daha da artırır.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources