Petteri Orpo dialoqu mümkün saysa da, bunun üçün hələ tez olduğunu vurğulayır...
Finlandiyanın baş naziri Petteri Orpo Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bildirib, lakin hazırkı mərhələdə bunun üçün uyğun zamanın çatmadığını deyib.
Poliqon xəbər verir ki, baş nazir bu fikirləri Finlandiyanın “Iltalehti” nəşrinə verdiyi müsahibədə səsləndirib.
Orponun sözlərinə görə, mövcud vəziyyət sonsuza qədər davam edə bilməz və müəyyən bir mərhələdə Avropa liderləri Moskva ilə dialoqa girməyə məcbur qalacaqlar. Baş nazir qeyd edib ki, Ukraynada sülhün əldə olunması birbaşa Rusiyanın mövqeyindən asılıdır və bu amil gələcəkdə danışıqları qaçılmaz edir.
“Iltalehti” yazır ki, Petteri Orpo sualı cavablandırarkən Rusiya prezidenti Vladimir Putinlə eyni masa arxasında əyləşə biləcəyini istisna etməyib, lakin dialoqa başlamaq üçün hələ vaxtın yetişmədiyini açıq şəkildə vurğulayıb.
Baş nazirin açıqlamaları Finlandiya cəmiyyətində və Avropa siyasi dairələrində müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, Orponun bu mövqeyi bir tərəfdən sərt təhlükəsizlik siyasətinin davam etdiyini göstərir, digər tərəfdən isə uzunmüddətli perspektivdə diplomatik kanalların tam bağlanmadığına işarə edir.
Poliqon.info