EN

Didərginlikdən qəhrəmanlığa gedən yol

Tarix bəzən elə talelər yazır ki, insan bir ömür boyu doğulduğu torpağın həsrəti ilə yaşayır. "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevə də Tanrı məhz belə bir tale yazmışdı. O, dünyaya göz açandan cəmi bir ay sonra doğulduğu Ağdam rayonunun Cinli kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 

Şəhriyar doğma yurdu məcburən tərk etdiyi o dəhşətli günləri xatırlamasa da, ruhən həmin torpaqlarda böyüdü, ürəyi Vətən həsrəti ilə döyündü. Doğma yurddan didərgin düşməyin ağrı-acısını evdə valideynlərinin dilindən, məktəbdə müəllimlərinin yaddaşlardan silinməyən xatirələrindən eşidə-eşidə böyüdü. Böyüdükcə içində bir arzu, müqəddəs həsrət boy atdı - işğal altındakı torpaqları azad görmək, bu dərdi, bu problemi gələcək nəsillərə miras qoymamaq. O, qəhrəman olmağı düşünmədi, sadəcə Vətən qarşısında borcunu yerinə yetirmək üçün öz yolunu seçdi…

Haqqında söhbət açdığımız vətənin qəhrəman oğlu Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində dünyaya göz açmışdı. Uşaqlıq illəri məcburi köçkün taleyinin ağrıları ilə keçmişdi. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil almışdı. Hələ kiçik yaşlarından vətənpərvərlik ruhu ilə seçilən Şəhriyar ailə həyatı qurmuş, iki oğul atası idi. O həm ailəsinə, həm də Vətəninə sədaqəti həyatının ali mənası hesab edirdi.

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçən Şəhriyar Quliyev hərb yolunu şüurlu seçim kimi davam etdirdi. 2009-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı. Peşəkarlığı, döyüş hazırlığı və yüksək intizamı ilə seçilirdi. Gizir Şəhriyar Quliyev 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edərək Vətənə sədaqətini bir daha sübut etmişdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi onun ömür kitabının ən şərəfli səhifəsinə çevrildi. O, Cəbrayıl, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə düşmənin canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilməsi üçün böyük xidmətlər göstərdi. Döyüş yoldaşlarının xatirələrinə görə, Şəhriyarın cəsarəti və peşəkarlığı bir çox əməliyyatın uğurla nəticələnməsində həlledici rol oynadı. On üç il ərzində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi Vətənə xidmət edən cəsur döyüşçü Qubadlının azadlığı uğrunda gedən döyüşdə ömür kitabının son səhifəsini yazdı - yaralı  döyüş yoldaşını meydandan çıxararkən, Vətənə sədaqətin, insanlığa bağlılığın və əsl əsgər ləyaqətinin canlı nümunəsinə çevrilərək qəhrəmancasına şəhid oldu.

Şəhriyar ailəli idi. Bilirdi ki, Vətənin bütövlüyü uğrunda döyüşənlərin yolu bəzən əbədi ayrılıqdan keçir. Ömür-gün yoldaşı Pərvin xanım bu barədə deyir: "Şəhriyar həmişə deyərdi ki, övladlarımızı elə böyüdək ki, lazım gələndə əsl vətəndaş kimi nümunə göstərənlərdən olsunlar". Şəhidimizin Vətənə əmanət iki övladı var. İndi övladlarının qayğısını Pərvin xanım tək çəkir. 

Pərvin xanım Şəhriyarın necə səxavətli, xeyirxah, ürəyi insan sevgisi ilə dolu bir şəxsiyyət olmasından söz açdı. Bu gün Şəhriyarın adı dostlarının, qohumlarının xatirələrində hörmətlə çəkilir, haqqında fərəhlə danışırlar. Pərvin xanım bildirdi ki, övladları üçün, Şəhriyarın əmanətləri üçün ayaqda dayanacaq, atasının adına layiq, Vətənə bağlı, mərd övladlar böyüdəcək. 

Şəhriyar cismən sevdiklərindən ayrılsa da, canını qurtardığı döyüş yoldaşlarının həyatında, azad olunan torpaqlarda və qədirbilən xalqımızın yaddaşında əbədi yaşamağı seçdi…

Oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igid əsgər Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhriyar Quliyevin ömür yolu insan taleyindən çox, qanla yazılmış Vətən dastanıdır. O, didərgin doğulsa da, azad torpaqlarda şəhid oldu. Qəhrəman döyüşçümüzün arxasında boynubükük yox, başıuca bir ailə, ümidlə böyüyən övladlar, qürurla danışılan bir ad qoydu. Bu gün azad Qarabağın hər qarışında onun kimi qəhrəmanların nəfəsi, qanı, duası var. Şəhriyar Quliyev zamanın fövqündə dayanan bir həqiqəti sübut etdi ki,  Vətən uğrunda yaşayanlar şəhid olur, şəhid olanlar isə əbədiyyətə qovuşur. Xalqın yaddaşında, övladlarının qürurunda və azad Azərbaycanın sabahında o, həmişə yaşayacaq.

Şəhriyar Quliyevin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Şəhriyar ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Elşən QƏNİYEV,

"Azərbaycan"

1Sources