“İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib. Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərə də (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb.
“Agentlik Azərbaycan vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi tərəfindən himayəyə götürülən şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.