
Almaniyanın paytaxtı Berlində təxminən 100 min sakinin günlərlə elektrik enerjisiz qalmasına səbəb olan hücumun araşdırılması ilə bağlı məlumat verən şəxslərə 1 milyon avro mükafat təklif edilir.
Missiya.Az xəbər verir ki, Berlin əyalətinin daxili işlər naziri İris Şpranger Federal Prokurorluğun elektrik kabellərinə edilən hücumla bağlı istintaqa kömək edəcək konkret məlumat üçün bu məbləği uyğun hesab etdiyini bildirib. Nazir qeyd edib ki, bu, müstəsna və birdəfəlik qərardır.
Yanvarın 3-də Berlində elektrik kabellərinə edilən hücum şəhərin cənub-qərbində təxminən 50 min ev təsərrüfatının elektrik və istilik enerjisiz qalmasına səbəb olub. Hadisə İkinci Dünya Müharibəsindən sonra Berlində qeydə alınan ən uzunmüddətli elektrik kəsintilərindən biri hesab olunur.
İfrat solçu “Volkan Qrupu” hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Federal Prokurorluq hadisə ilə bağlı terrorizm şübhəsi ilə istintaq aparır. Stromnetz Berlin şirkəti elektrik enerjisinin beş gün sonra tam bərpa edildiyini açıqlayıb.
Seyranə QuliyevaMissiya.Az