Son günlər bir çox brendlər sosial mediada trendə çevrilən “nihilist pinqvin” hekayəsindən istifdə edərək reklam xarakterli postlar hazırlayır.
Ölkə.Az xəbər verir ki, demək olar hər addımda qarşımıza çıxan bu reklamlar isə sadəcə trendə qoşulmaq istəyi ilə bağlı deyil. Bu bir reklam stategiyasıdır.
Belə ki, RTM, yəni “real time marketing” adlanan bu strategiya zamanı sosial mediada gündəm olan bir kadr saatlar içində kommersiya vizualına çevrilir.
Bu zaman hər bir brend gündəmdə olan hadisələri, foto və videoları özünə uyğunlaşdırır. Əsas olan trendə dərhal reaksiya vermək, emosiyaları düzgün oxumaq və brend dilini trendlə uyğunlaşdırmaqdır. Çünki bəzən bir kadr, bir an, düzgün vaxtda istifadə olunanda, minlərlə sözə bərabər olur.
Məhz buna görə də son günlər haraya baxsaq, qarşımıza pinqvin çıxır. İnsanlar onu paylaşır, brendlər isə bu emosiyanı fürsətə çevirir. Çünki sosial mediada diqqət qısaömürlüdür və gündəmi tutan simvolu vaxtında istifadə etməyən geridə qalır. Yəni pinqvin hər yerdədirsə, səbəbi onun hekayəsindən çox, diqqətin harada olduğudur.
Billurə



