EN

Dövlətin dayanıqlılığı və Milli Təhlükəsizliyin təminatında hüquq-mühafizə orqanlarının strateji rolu

Bakı, 27 yanvar, AZƏRTAC

Müasir dövrdə ictimai-siyasi sabitlik və vətəndaşların rifah şəraitində yaşaması birbaşa olaraq milli təhlükəsizlik sisteminin effektivliyi ilə şərtlənir. Bu sistemin əsas dayaqlarından biri isə hüquq-mühafizə orqanlarıdır. Beynəlxalq təcrübə göstərir ki, daxili sabitliyi qorumağa qadir olmayan dövlətlər xarici təhdidlər qarşısında da davamlı mövqe sərgiləyə bilmirlər. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İsrail və digər inkişaf etmiş ölkələrin təhlükəsizlik modellərində hüquq-mühafizə və xüsusi xidmət orqanları dövlətin suverenliyinin, konstitusiya quruluşunun və ictimai-siyasi sabitliyin əsas dayaqları kimi çıxış edir. Bu ölkələrdə hüquq-mühafizə strukturları yalnız cinayətkarlıqla mübarizə aparan mexanizm deyil, həm də hibrid təhdidlərə, daxili sabitliyi sarsıtmağa yönəlmiş ideoloji və informasiya təsirlərinə qarşı önləyici sipər rolunu oynayır. Azərbaycan qlobal siyasi, iqtisadi və təhlükəsizlik proseslərinin bir parçası olaraq həm xarici təhdidlərin, həm də daxili risk faktorlarının təsiri altındadır. Geosiyasi mövqeyi, enerji resursları, regional liderlik iddiası və müstəqil siyasət kursu ölkəmizi müxtəlif maraqların hədəfinə çevirir. Belə bir şəraitdə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının peşəkarlığı, çevikliyi və dövlətə sədaqəti həlledici əhəmiyyət daşıyır. Azərbaycan polisinin fəaliyyəti ictimai asayişin qorunması ilə məhdudlaşmır, bu qurum dövlət təhlükəsizliyinin daxili sütunlarından biri kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, son illər ərzində hüquq-mühafizə sistemində aparılan institusional islahatlar, kadr hazırlığı, texnoloji təminat və beynəlxalq əməkdaşlıq polis orqanlarının peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəlib.

“Təsadüfi deyil ki, bu gün Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biri kimi tanınır. Müasir dövrdə xarici kəşfiyyat orqanlarının fəaliyyəti klassik üsullarla məhdudlaşmır, informasiya müharibəsi, ideoloji təsir, iqtisadi sabotaj və kibermüdaxilələr əsas təhdid alətlərinə çevrilib. Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının peşəkarlığı məhz bu çoxşaxəli təhlükə mühitində özünü göstərir. Xarici kəşfiyyat strukturlarının ölkə daxilində agentura şəbəkəsi qurmaq cəhdlərinin ifşası, dövlət sirlərinin qorunması, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın milli təhlükəsizlik arxitekturasının möhkəmliyini sübut edir. Bu fəaliyyətlər, bir qayda olaraq, ictimaiyyətə açıq olmasa da, dövlətin dayanıqlığında həlledici rol oynayır. Müasir beynəlxalq münasibətlər sistemində təhlükələr yalnız birbaşa hərbi risklərlə məhdudlaşmır, siyasi proseslərin pərdəarxası dinamikası, regional və qlobal güc mərkəzlərinin planları, enerji və nəqliyyat marşrutları üzərindən aparılan rəqabət ciddi strateji risklər yaradır. Xarici Kəşfiyyat Xidməti bu risklərin vaxtında müəyyən edilməsi, qabaqlayıcı analizin aparılması və dövlət rəhbərliyinin dəqiq informasiya ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu xidmətin fəaliyyəti Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunmasına, xarici təhdidlərin proaktiv şəkildə neytrallaşdırılmasına və dövlətin strateji manevr imkanlarının genişlənməsinə xidmət edir”, - deyə təşkilatın sədri vurğulayıb.

Ramiz Alıyev qeyd edib ki, qloballaşma ilə paralel olaraq cinayətkarlığın formaları da dəyişib: “Kibercinayətkarlıq, narkotiklərin beynəlxalq dövriyyəsi, insan alveri və transmilli mütəşəkkil cinayətkarlıq müasir dövrün əsas təhlükəsizlik problemləridir. Azərbaycan hüquq mühafizə orqanları bu çağırışlara adekvat cavab verən institusional potensiala malikdir. Elektron fırıldaqçılıq, məlumatların qanunsuz ələ keçirilməsi və rəqəmsal təhlükəsizliyə yönəlmiş hücumların qarşısının alınması dövlətin informasiya təhlükəsizliyinin mühüm komponentidir. Bu təhlükəsizlik sistemində Prokurorluq orqanları qanunun aliliyinin və hüquqi nəzarətin təminatçısı kimi çıxış edir. Prokurorluq orqanlarının fəaliyyəti hüquq mühafizə və xüsusi xidmət qurumlarının əməliyyat tədbirlərinin hüquqi çərçivədə aparılmasını təmin etməklə dövlətin legitimliyini möhkəmləndirir. Xüsusilə terrorçuluq, ekstremizm, dövlətə xəyanət, mütəşəkkil cinayətkarlıq və korrupsiya xarakterli cinayət işlərinin istintaqında prokurorluğun prinsipial və qətiyyətli mövqeyi milli təhlükəsizliyin hüquqi əsaslarını gücləndirir.

Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan sistemli mübarizə, eləcə də insan alverinə qarşı qətiyyətli əməliyyatlar Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini və hüquq mühafizə orqanlarının prinsipial mövqeyini nümayiş etdirir.

Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının peşəkar və effektiv fəaliyyətinin arxasında güclü siyasi iradə və ardıcıl dövlət siyasəti dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər hüquq-mühafizə və xüsusi xidmət orqanlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir texnologiyalarla təminat, xidmət infrastrukturunun yenilənməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sistemli islahatlar həyata keçirilib. Azərbaycanda polis, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Prokurorluq orqanları vahid milli təhlükəsizlik sisteminin bir-birini tamamlayan strateji sütunları kimi çıxış edir. Bu qurumların peşəkar, koordinasiyalı və vətənpərvər fəaliyyəti dövlətçiliyin qorunmasını, ictimai sabitliyin təminini və Azərbaycanın təhlükəsiz gələcəyinin möhkəmləndirilməsini təmin edən əsas amillərdəndir”.

Chosen
2
5
azertag.az

6Sources