Bakı, 27 yanvar, AZƏRTAC
Rəqəmsal texnologiyaların tətbiqi Azərbaycan üzərindən həyata keçirilən yükdaşımaların daha sürətli və effektiv olmasına mühüm töhfə verə bilər. Əsas məqsəd nəqliyyat sektorunda yükdaşımaların sürətini artırmaq, innovativ texnoloji həllərdən istifadə etməklə Mərkəzi Asiyadan Azərbaycan üzərindən Türkiyəyə uzanan nəqliyyat marşrutunun tam səmərəli işləməsini təmin etməkdir. Bu marşrut hazırda Gürcüstan üzərindən həyata keçirilən daşımaları alternativ və rəqabətqabiliyyətli şəkildə əvəz edə bilər.
Bunu AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib.
Onun sözlərinə görə, “Şimal–Cənub” nəqliyyat dəhlizi Rusiya və İran kimi böyük əraziyə və əhaliyə malik ölkələr arasında ən qısa və səmərəli təmassız yükdaşımalar yoludur və bu dəhliz məhz Azərbaycan ərazisindən keçir.
“Bu marşrut böyük iqtisadi dividendlər və tranzit imkanları yaradır. Yükdaşımalar həm dəmir yolu, həm hava nəqliyyatı, əsasən isə quru yolları vasitəsilə həyata keçirilir. Quru yüklərin həcmi xüsusilə böyükdür və bu sahə rəqəmsal və innovativ texnologiyaların tətbiqi üçün geniş potensiala malikdir. Yükdaşımaların Azərbaycan iqtisadiyyatına verdiyi töhfələr sırasında tranzit yüklərin payı xüsusi əhəmiyyət daşıyır. Məsələn, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında bərələr vasitəsilə ağır tonnajlı avtomobillərin birbaşa daşınması tranzit imkanlarını daha da genişləndirəcək və Azərbaycana əlavə üstünlüklər qazandıracaq.
Bütün bu amillər bir araya gəldikdə Azərbaycan üçün regional və beynəlxalq səviyyədə güclü logistika habı və texnoloji üstünlük formalaşır. Bu üstünlüklərdən səmərəli istifadə etməliyik. Yaxın gələcəkdə bu imkanların real iqtisadi nəticələrini görəcəyimizə inanıram. Eyni zamanda, tranzit haqlarının ödənilməsi dövlət büdcəsinə əlavə maliyyə axınını stimullaşdıracaq”, – deyə Aslan Əsədov qeyd edib.