EN

Salman Rüşdi ABŞ-dakı gərginlikdən danışdı: “Zorakılıq hər an qapını döyə bilər”

Bakı, TurkicWorld, Orxan Qədirzadə

İran əsilli britaniyalı-amerikalı yazıçı Salman Rüşdi ABŞ-da artan siyasi və ictimai gərginlik fonunda zorakılıq təhlükəsinin cəmiyyət üçün real riskə çevrildiyini bildirib.

TurkicWorld xəbər verir ki, Buker mükafatı laureatı bu fikirləri Yuta ştatının Park-Siti şəhərində keçirilən “Sundance” kinofestivalında, rejissor Aleks Qibninin müəllifi olduğu “Bıçaq: Salman Rüşdiyə qarşı qəsd cəhdi” adlı sənədli filmin premyerasında səsləndirib. Yazıçı 2022-ci ildə Nyu-Yorkda ona qarşı həyata keçirilən və az qala ölümü ilə nəticələnən hücumu siyasi liderlərin təhrik etdiyi zorakılığın bariz nümunəsi kimi qiymətləndirib.

Rüşdi ABŞ-da baş verən son hadisələrə, xüsusilə etiraz aksiyaları zamanı federal təhlükəsizlik qüvvələrinin müdaxilələrinə toxunaraq bildirib ki, zorakılıq ideyası artıq cəmiyyətin bütün təbəqələrinə yaxınlaşıb. Onun sözlərinə görə, hazırda hər kəs potensial risk altındadır və təhlükə anlayışı gündəlik həyatın bir hissəsinə çevrilib.

Yazıçı vurğulayıb ki, zorakılıq adətən vicdansız insanların cahil və radikal qruplardan istifadə edərək mədəniyyətə hücum etməsinin nəticəsidir. O qeyd edib ki, müstəbid düşüncə üçün jurnalistika, ali təhsil, musiqi və ədəbiyyat düşmən kimi qəbul edilir və bu sahələr sistemli şəkildə hədəfə alınır.

Sənədli film Rüşdinin “Bıçaq” adlı kitabının davamı kimi ərsəyə gətirilib. Filmdə 2022-ci ildə 24 yaşlı Hadi Matar tərəfindən yazıçıya endirilən 15 bıçaq zərbəsinin təfərrüatları, eləcə də həyat yoldaşı Reyçel Eliza Qriffitsin xəstəxanada çəkdiyi kadrlar yer alır. Eyni zamanda, rejissor Aleks Qibni Rüşdinin 1988-ci ildə nəşr olunan “Şeytan ayələri” romanından sonra İslam dünyasında yaranan etirazları və İranın mərhum lideri Ayətullah Xomeyninin yazıçı haqqında verdiyi ölüm fətvasını arxiv materialları ilə təqdim edib.

Məlumata görə, ötən il 25 il müddətinə azadlıqdan məhrum edilən Hadi Matar məhkəmədən əvvəl verdiyi müsahibədə Rüşdinin İslamı təhqir etdiyinə inandığını, lakin romanın cəmi iki səhifəsini oxuduğunu etiraf edib.

Rüşdinin çıxışları Donald Trampın ali təhsil müəssisələrinə və mətbuata qarşı sərt mövqeyi fonunda xüsusi rezonans doğurub. Yazıçı sənədli filmin məhz bu dövrdə nümayiş etdirilməsinin təsadüfi olmadığını bildirərək, cəmiyyəti zorakılıq təhlükəsinə qarşı ayıq-sayıq olmağa çağırıb.

Chosen
15
turkic.world

1Sources