EN

Azərbaycanda bütün qadınlar hədəfdədirAzərbaycanda bütün qadınlar hədəfdədir

Bir qadını hədəfə almaq - Qadınları hədəfə almaq siyasi mübarizə deyil! Bu, siyasi mübarizənin bitdiyi, fikrin, arqumentin, ideyanın tükəndiyi nöqtədir. Qadının adı üzərindən şayiə yaymaq, onu şübhə obyektinə çevirmək ən köhnə, ən primitiv, ən iyrənc manipulyasiya üsullarından biridir. Təəssüf ki, bu üsul hələ də işləyir, hələ də ondan istifadə edirlər.

Söz bitəndə böhtan başlayır. Fakt yoxdursa, sübut yoxdursa, mövqe yoxdursa - qadının adı ortaya atılır. Məqsəd nəyisə isbatlamaq deyil; məqsəd şübhə yaratmaqdır. Çünki şübhə fakt qədər səslidir, bəzən ondan da qalıcıdır. İddia səsləndirilir, amma cavabdehlik daşınmır. Bu, məsuliyyətsizliyin "ideologiya"sıdır...

Xaricdən, məsafədən, sosial şəbəkələrin təhlükəsiz sığınacağından səslənən hücumlar artıq nə ictimai rəy yaradır, nə də cəmiyyətə müsbət impuls ötürür. Buna görə də ritorika dəyişir: tənqid yerini qarayaxmaya, söyüş və təhqirə, analiz yerini şayiəyə, mövqe isə şəxsi həyatın linç edilməsinə verir. Bu mərhələdə nə jurnalistika qalır, nə siyasət, nə ictimai müqavimət - sadəcə, zəhər qalır...

Hətta bu məqamda qadının konkret kimliyi də ikinci dərəcəlidir. Əsas olan mexanizmdir. Bu mexanizm qadını siyasi silaha çevirir, ailəni təzyiq obyektinə, şəxsi həyatı isə linç meydançasına. Bu artıq təkcə bir adın, bir ailənin məsələsi deyil - bu, cəmiyyətin mənəvi sərhədlərinin necə asanlıqla aşılması məsələsidir - mənəvi terrordur!

Ən təhlükəli məqam isə bütün bunların “qadın haqları”, “azadlıq”, “demokratiya”, “liberal dəyərlər” və s. kimi anlayışların arxasında gizlənərək edilməsidir. Qadın hüquqlarından danışaraq bir qadını hədəfə almaq bu anlayışların mənasını aşağılamaqdır. Hüquqdan danışıb ləyaqəti tapdalamaq, azadlıq deyib linç etmək - bu, ideoloji yox, əxlaqi iflasdır...

Belə kampaniyalar bütövlükdə cəmiyyətə açıq mesaj verir: “Əgər toxunsan, hədəf olarsan.” Bu mesaj bu gün bir tanınmış ailəyə yönəlirsə, sabah istənilən qadına yönələ bilər. Bir dəfə normal qəbul olunan, gözardı edilən linç dayanmaz. Sadəcə, ünvanını dəyişər, qurbanların sayı artar...

Burada artıq hakimiyyət və müxalifət qarşıdurmasından da söhbət gedə bilməz. Burada sərhəd əxlaqla əxlaqsızlıq arasındadır. Müxalif olmaq insanı məsuliyyətdən azad etmir. Siyasi tənqid hüququ böhtan haqqı deyil. İddia varsa, sübut olunmalıdır. Yoxdursa... Susmaq ən azı ləyaqət tələbidir.

Cəmiyyətinsə vəzifəsi, borcu susmaq deyil. Cəmiyyətin borcu bu dili qəbul etməmək, bu ritorikanın normal sayılmasına, altşüurlarda oturmasına, özünə "yer" etməsinə imkan verməməkdir. Bu gün bir qadının adına səssiz qalanlar, sabah öz ailələrinin hədəf ola biləcəyini anlamalıdırlar...

Qadın üzərindən aparılan “mübarizə” mübarizə deyil - əclaflıqdır, əbləhlikdir, şərəfsizlikdir. Bu, cəmiyyəti içindən çürüdən bir prosesdir - atom bombasıdır. Düşdüyü yeri darmadağın edən, qurudan, öldürən bomba. Bu, siyasi nəticə yox, mənəvi məhvdir.

Bu, bir qadının imtahanı deyil. Bütün qadınların imtahanı da deyil.

Bu, hamının, hamımızın imtahanıdır...

Ya ləyaqətin, əxlaqi dəyərlərin, mənəviyyatın yanında dayanacağıq, ya da susaraq çürümənin bir hissəsinə çevriləcək və öləcəyik...

Allah bizi belə "dilemma" qarşısında qoyan nadürüstlərə, murdar zehniyyətlərə lənət eləsin!

Chosen
31
3
sitat.info

4Sources