EN

“Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” adlı yeni kitab nəşr olunub

Təqdim olunan monoqrafiya korporativ elektron kitabxana sistemlərinin (KEKS) rəqəmsal transformasiya və biliklərin idarə olunması kontekstində müstəqil elmi-tədqiqat obyekti kimi nəzəri əsaslandırılmasına həsr olunub.

XQ xəbər verir ki, nəşrin layihə rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylidir. Əsərin müəllifləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və Kitabxananın Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin baş mütəxəssisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanovdur.

Monoqrafiyada KEKS-in arxitektura, funksional və institusional xüsusiyyətləri ətraflı şəkildə təhlil olunur, onların səmərəliliyinin qiymətləndirilməsi üçün modellər irəli sürülür, həmçinin süni intellekt və rəqəmsal ekosistemlər şəraitində inkişaf perspektivləri araşdırılır. Əldə olunan elmi nəticələr korporativ elektron kitabxana sistemlərinin layihələndirilməsi və təkmilləşdirilməsi, elmi tədqiqatlar və praktiki fəaliyyət sahələrində tətbiq oluna bilər.

Nəşrdə korporativ elektron kitabxana sistemləri yalnız texnoloji platforma kimi deyil, biliklərin toplanması, qorunması, strukturlaşdırılması və istifadəsini təmin edən mürəkkəb sosiotexniki sistem kimi təqdim edilir.

Kitabın elmi redaktoru Bakı Mühəndislik Universitetinin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı texnika elmləri doktoru Vaqif Qasımovdur. Rəyçilər isə Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müdiri texnika elmləri doktoru Mübariz Xəlilov və ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri Mərkəzinin direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur.

Kitabxana-informasiya elminin inkişafına töhfə verən, elmi yanaşma ilə praktiki təcrübəni uzlaşdıran bu tədqiqat əsəri alim və tədqiqatçılarla yanaşı, korporativ informasiya sistemlərinin layihələndirilməsi və idarə olunması ilə məşğul olan mütəxəssislər üçün də dəyərli elmi mənbədir.

Qeyd edək ki, monoqrafiyanın elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Chosen
15
3
xalqqazeti.az

4Sources