EN

Şumaxerlə bağlı “xoş xəbər” nə dərəcədə doğrudur? – Reallıq və yanlış anlaşılmalar

style='margin-bottom:10px;'>

Bazar ertəsi səhəri bir sıra xarici KİV-lərdə ilk baxışdan xoş təsir bağışlayan bir xəbər yayılıb. “Daily Mail” nəşrinin müxbiri Conatan Makevoy yazıb ki, yeddiqat dünya çempionu Mixael Şumaxer artıq yatağa məhkum deyil və ev daxilində əlil arabasında hərəkət edə bilir.

QOL.az xəbər verir ki, bəzi media orqanları bu məlumatı daha da şişirdərək, Şumaxerin əlil arabasında başqasının köməyi olmadan hərəkət etdiyini iddia ediblər. Halbuki Makevoyun materialında belə bir fikir yer almayıb.

Makevoy əslində nə yazıb?

Formula 1 üzrə icmalçı Şumaxer ailəsinə məxsus iqamətgahlardan birinin yerləşdiyi Mayorkaya səfər edib. Müəllifin səfərinin dəqiq məqsədi bilinməsə də, yazının ya alman pilotun 3 yanvar doğum gününə, ya da 29 dekabr 2013-cü ildə baş vermiş faciəli xizək qəzasının ildönümünə təsadüf etməsi ehtimal olunur.

Makevoy mülkün ətrafında dolaşıb, mühafizəçilərlə söhbət edib və Şumaxerin səhhəti ilə bağlı hər hansı məxfi məlumat əldə etməyə çalışıb. Halbuki ailə illərdir pilotun sağlamlıq durumu ilə bağlı informasiyaları ciddi şəkildə gizli saxlayır.

Makevoy yazır:

“Şumaxer ailəsi mütəmadi olaraq Mayorkada qalır, lakin mənə deyilənə görə bu, onların əsas iqamətgahı deyil. Əsas yaşayış yeri İsveçrənin Qlan şəhərində, Cenevrə gölü sahilində yerləşən evdir. Bir sıra yaxşı məlumatlı mənbələrlə aparılan intensiv müzakirələrdən sonra "Daily Mail" belə qənaətə gəlir ki, Formula 1 əfsanəsi yatağa məhkum deyil. O, yeriyə bilmir. Amma onu mülkün ərazisində baxıcılar və fizioterapevtlər əlil arabasında gəzdirirlər.

Bununla yanaşı, görünür, Şumaxer qızı Ginanın toyunda iştirak etməyib. Burada da onun şəxsi həyata hörmət prinsipi qorunub”.

Bəs yenilik hardadır?

Əslində burada sensasiya və ya uzun illərdir gözlənilən müsbət dönüş yoxdur. 2014-cü ilin iyununda Şumaxerin komadan çıxdığı açıqlanandan sonra onun tamamilə yatağa məhkum olduğu barədə rəsmi məlumat olmayıb. Əlil arabasında hərəkət etməsi ehtimalı da yeni deyil.

İllərdir ailə tərəfindən heç bir detallı açıqlama verilməsə də, artıq formalaşmış acı bir ümumi fikir var: Mixael Şumaxer müstəqil şəkildə hərəkət edə bilmir, danışa bilmir və ünsiyyətə açıq reaksiya vermir.

“Daily Mail” materialında daha bir ehtimala da toxunulur:

“Şayiələrə görə, Mixaeldə ‘locked-in syndrome’ (qapalı insan sindromu, psevdokoma) ola bilər. Bu, insanın şüurunun açıq olduğu, ətrafda baş verənləri anladığı, lakin yalnız göz qırpmaqla reaksiya verə bildiyi nevroloji vəziyyətdir.

Təəssüf ki, mənə danışan mənbələrin sözlərinə görə, hətta bu nisbətən "daha yaxşı" diaqnoz belə dəqiq olmaya bilər. "Sən onun hər şeyi anlayıb-anlamadığını bilməzsən, çünki o bunu deyə bilmir", – deyə anonim mənbə bildirib. – Elə bir hiss var ki, o, ətrafda baş verən bəzi şeyləri anlayır, amma hamısını yox.”

Nəticə

Makevoyun yazısında əvvəlki məlumatlara zidd və ya Şumaxerin vəziyyətində müsbət dinamika yaradacaq heç bir yeni detal yoxdur. Tibbi praktika göstərir ki, bu tip ağır kəllə-beyin travmalarında irəliləyiş adətən ilk aylarda müşahidə olunur, daha sonra vəziyyət müəyyən “sabit mərhələyə” keçir.

Mixael Şumaxerin sağlamlığı uğrunda apardığı mübarizə onun komadan çıxmasına imkan verib. Təəssüf ki, tibb elmində ciddi bir irəliləyiş baş verməyəcəyi halda, daha böyük möcüzə gözləmək çətindir. Bununla belə, hər kəsin ürəyində eyni arzu var: əfsanəvi pilotla bağlı bir gün həqiqətən sevindirici xəbər eşitmək.

(Rusiyanın championat.com saytının yazısı əsasında)

Chosen
46
2
teleqraf.com

3Sources