Bakı, 27 yanvar, Günel Türksoy, AZƏRTAC
Əmək yarmarkalarında işəgötürənin vakansiyalarını sərgiləməklə oraya gələn bütün vətəndaşları işlə təmin edəcək kimi yanaşması olmur. Əmək yarmarkalarının keçirilməsində əsas prinsip odur ki, işəgötürən vakansiyası üzrə bazardakı real tələb və təkliflə qoyduğu tələb arasındakı fərqi görsün. Məsələn, hər hansı vakansiya elan edilib və qarşıya müəyyən tələblər qoyulub. Amma real bazarda verilən əməkhaqqı müqabilində tələblərin hamsını yerinə yetirə biləcək potensiallı kadr azdır. O zaman biz kadrın formalaşdırılıması prosesində geridə qala bilərik. Müəssisənin biznes, kommersiya maraqlarının təmin edilməsi üçün komplektləşməni vaxtında etməyə bilərik. Bu zaman işəgötürənlər öz tələblərində korreksiya edirlər.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında deyib.
Hasil Abbasov bildirib ki, işsiz və ya işaxtaran şəxs əmək yarmarkalarına gedir və özünə maraqlı olan vakansiyalarla maraqlanır: “İşsiz və ya işaxtaran şəxs tələbləri yerindəcə öyrənir. Normalda isə iş müsahibəsi zamanı bunu soruşmaq olmur. Ancaq əmək yarmarkaları bunu əvvəldən bilmək üçün çox yaxşı platformadır. Faktiki olaraq, əmək yarmarkalarında daha hansı bacarıqlara malik olmaqla bağlı geniş maarifləndirmə prosesi həyata keçirilir. Əmək yarmarkalarının keçirilməsinin əsas qayəsi doğru şəkildə tələb və təklifi üzləşdirib, onlar arasındakı uyğunsuzluğu azaltmağa xidmət edir. Ona görə də bilvasitə və bilavasitə nəticəyə yönəlmə var. Əmək yarmarkaları bilavasitə yox, bilvasitə yönəlməni həyata keçirir”.