EN

İŞİD-in Bakıda terror hazırlığı ifşa edildi - Səfirlik (?) böyük fəlakətdən qurtuldu...



Elşad Həsənov: “Səfirliklər də İranın proksi qüvvələrinin, İŞİD-in və digər bu kimi qurumların maraq obyektindədir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“O qüvvələr çalışırlar ki, səfirliyə qarşı hücum etsinlər...”

İŞİD hansıxarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlaşa bilərdi? Söhbət hansı ölkələrin, yaxud ölkənin səfirliyindən gedə bilər?

Siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, son illər dünyada vəziyyət həddindən artıq gərginləşib. “Ancaq son günlər isə İran ətrafında ABŞ-ın hərbi gəmilərinin, silahlı qüvvələrinin toplaşması vəziyyəti daha da gərginləşdirib. Buna görə də İran və onun proksi qüvvələri ABŞ-a və İsrailə qarşı həddindən artıq kəsin çıxışlar edirlər. Onlar istəyirlər ki, İrana hücum olmasın. Ancaq indiki dövrdə görürük ki, İranın fars-molla rejiminin apardığı siyasət artıq İranda yaşayan xalqları ayağa qaldırıb. Öz sosial vəziyyətlərini düzəltməyi tələb edən, problemlərə qarşı etiraz sərgiləyən insanları İran hakimiyyəti güllə-boran etdi. İranın rəsmən bildirdiyinə görə son hadisələr zamanı 5 min nəfərdən çox adam həlak olub. Ancaq bəzi mətbuat orqanlarının yaydığı məlumatlarda və beynəlxalq təşkilatların hesabatlarında bəziləri 13 min, bəziləri isə 20 min nəfərə yaxın insanın həlak olduğunu bildirir və onminlərlə insan isə həbsxanalardadır. Bu baxımdan, artıq ABŞ İrana qarşı əməliyyat tədbirləri həyata keçirmək planını ortaya qoyub və onun hərbi qüvvələri İran körfəzindədir, İordaniyada da böyük hərbi təyyarələr yığılıb. Hesab edirəm ki, yaxın vaxtlarda bu əməliyyat başlanacaq. Yeganə olaraq onu demək istəyirəm ki, İran əgər nüvə proqramından tam əl çəksə və əhalinin sosial vəziyyətini yaxşılaşdırsa, konstitusiyaya riayət etsə bəlkə də ABŞ bu hücumu dayandırar. Ancaq hesab edirəm ki, artıq gecdir, bu hadisə baş verəcək. Buna görə də İran öz proksi qüvvələrini işə salıb ki, onlar da İsrailin və Amerikanın səfirliklərinə, hərbi obyektlərinə hücum etsinlər. Bizim ölkədə Amerikanın və başqabir ölkənin hərbi bazası yoxdur, ancaq qeyd etdiyim xarici ölkələrin səfirlikləri var. Səfirliklər də İranın proksi qüvvələrinin, İŞİD-in və digər bu kimi qurumların maraq obyektindədir. O qüvvələr çalışırlar ki, səfirliyə qarşı hücum etsinlər, terror hadisəsi törətsinlər. Tam əminəm ki, İŞİD-in həbs olunan üzvləri-Piriyev və Əlizadə o dəstənin hələlik ələ keçən kiçik bir qrupudur. Belə qrupların olduğuna inanıram. Onlar əmr gözləyirlər. Ancaq onlar həm də ondan çəkinirlər ki, Azərbaycanın təhlükəsizlik orqanları çox operativ işləyir və vaxtından əvvəl bu hadisələrin qarşısını alır. Onların həbs olunması təhlükəsizlik orqanlarının əməkdaşlarının necə yüksək profesionallıq göstərdiklərini sübut edir. Çünki hadisə baş verəndən sonra onu törədənlərin aşkarlanması, tapılması və həbs edilib cəzalandırılması başqa bir məsələdir. Ancaq hadisəni törətməmişdən əvvəl onları həbs etmək isə yüksək peşəkarlığın nəticəsidir”.

E.Həsənovun sözlərinə görə, bu gün ölkəmizdə dini təşkilatlar, dini cərəyanlar həddindən artıq çoxdur, bu da xüsusilə bizim təhlükəsizlik orqanlarında boşluq olduğu zaman baş verib. “Boşluq da Mahmudov və onun dəstəsinin MTN-ə rəhbərlik etdiyi dövrdə oldu. Çünki həmin dövrdə onları ancaq pul yığmaq maraqlandırırdı. Hətta onlar vahabilərlə iş birliyinə gedərək onların xaricdən gətirdikləri mallara şərik idilər, onların biznesi inkişaf edirdi. Həmin dini təşkilatlar da öz dini işlərini yaymağı, terror hadisələri törətməyi planlayırdılar. Ancaq Mahmudov və onun komandasının isə o zaman gözlərini pul tututdu deyə belə işlərə əhəmiyyət vermirdilər. Amma bu gün Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edən general-polkovnik Əli Nağıyevin başçılığı ilə çox mühüm işlər görülür, belə hadisələrin qarşısı vaxtından, o törədilməmişdən əvvəl alınır.Bir daha deyirəm ki, bu yüksək profesionallığın nəticəsidir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, bu gün təhlükəsizlik orqanları Azərbaycanın təhlükəsizliyinin tam təminatçısıdır, onların böyük potensialı, texnika var. Bu gün həbs olunanlar kodla danışsalar da onların kodlarını təhlükəsizlik orqanları əməkdaşları çox asanlıqla izləyə bilirlər, onların hər bir hərəkəti daim nəzarətdədir. Bu gün terror hadisəsi törətmək istəyən digər şəxslərin də nəzərinə çatdırmaq istəyirəm ki, onlar öz əməllərindən əl çəksinlər, belə hadisələr törətməyi fikirləşməsinlər. Əgər nə isə fikirləşərlərsə onların da aqibəti belə olacaq. Həbs olunanlar “Allah yoluna bunu edəcəyik” deyirlər. Allah heç zaman demir ki, insanlara qarşı terror edin, onları öldürün. Bu gün İranda olan hadisələr onu göstərir ki, məhz din, Quran adı altında hakimiyyətə gələn fars-molla rejimi əhalini bu həddə çatdırıb. Xamneinin özü dedi ki, 275 məscid yandırılıb. Çünki xalqda nifrət yaradıblar...Allah demir ki, gedin kimisə öldürün, evini maşınını partladın, Allah deyir ki, bir-birinizə kömək edin, dəstək olun, insanlıq göstərin. Ancaq bunlar isə dini, islamı terrora, xalqı əzməyə çəkirlər...”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA

Chosen
15
baki-xeber.com

1Sources