EN

ABŞ İrana qarşı güc nümayiş etdirir: müharibə real ssenaridirmi?

Son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan geosiyasi proseslər regionda təhlükəsizlik balansının getdikcə daha həssas xarakter aldığını göstərir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik təkcə bu iki ölkənin münasibətləri kontekstində deyil, bütövlükdə region dövlətlərinin maraqları və təhlükəsizliyi baxımından diqqətlə izlənilən məsələdir. Azərbaycan üçün əsas prioritet bölgədə sabitliyin qorunması, hərbi eskalasiyanın qarşısının alınması və beynəlxalq hüquq çərçivəsində dialoqun təşviq edilməsidir. Məhz bu fonda ABŞ-İran münasibətlərinin mümkün inkişaf ssenariləri əsas müzakirə mövzularındandır.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ ilə İran arasında vəziyyət kifayət qədər gərgin mərhələyə daxil olub:

“ABŞ donanmasının “Avraam Linkoln” aviadaşıyıcı gəmisi ilə birlikdə İran sahillərinə yaxın ərazilərdə yerləşdirilməsi Vaşinqtonun Tehrana qarşı təzyiq imkanlarını artırmaq niyyətindən xəbər verir. Regionda cəmləşdirilən bu qüvvələr ciddi hərbi potensialı təmsil edir. Bununla yanaşı, ABŞ-ın Yaxın və Orta Şərqdə ondan artıq hərbi bazası mövcuddur və həmin bazalarda minlərlə hərbçi, yüzlərlə hərbi təyyarə, donanma qüvvələri və digər hərbi vasitələr yerləşdirilib. ABŞ-ın Mərkəzi Komandanlığının da məhz bu bölgədə fəaliyyət göstərməsi vəziyyətin strateji əhəmiyyətini daha da artırır”.

Oqtay Qasımov xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp İran qarşısında bir sıra konkret tələblər irəli sürüb:

“Bu tələblər İranın nüvə proqramının və ballistik raket istehsalının dayandırılması, ölkənin əlində olan 400 kiloqramdan artıq zənginləşdirilmiş uranın beynəlxalq nəzarətə verilməsi, eləcə də regionda fəaliyyət göstərən proksi qüvvələrə dəstəyin dayandırılması ilə bağlıdır. Son aylarda isə bu tələblərə İranda etiraz aksiyaları zamanı edamların dayandırılması ilə bağlı xəbərdarlıqların da əlavə edildiyi bildirilir. İranda baş verən daxili proseslər və etirazların sərt şəkildə yatırılması gərginliyi daha da dərinləşdirən amillər sırasındadır. Bütün bunlar hərbi eskalasiya riskini artırsa da, mövcud mərhələdə ABŞ-ın hərbi gücü birbaşa müharibə aləti kimi deyil, daha çox siyasi və diplomatik təzyiq mexanizmi kimi istifadə etdiyi qənaətinə gəlmək olar.

Hərbi müdaxilə ilə bağlı yekun qərar birbaşa ABŞ prezidentindən asılıdır. Donald Trampın son açıqlamaları isə hələlik konkret hərbi əməliyyat qərarının verilmədiyini göstərir. Trampın sözlərinə görə, İran tərəfi dəfələrlə ABŞ-la danışıqlara başlamaq üçün müraciətlər edib və bu da diplomatik kanalın tam bağlanmadığını göstərir. ABŞ yaxın müddətdə İranı bu hərbi təzyiq vasitəsilə danışıqlar masasına cəlb etməyə çalışacaq. Əgər Tehran Vaşinqtonun şərtlərini qəbul edərsə, hərbi eskalasiya riski azalacaq. Əks halda isə toqquşma ehtimalı gündəmdə qalacaq”.

Bununla belə, politoloqun fikrincə, mümkün hərbi ssenari genişmiqyaslı müharibə xarakteri daşımaya bilər:

“Belə bir halda ABŞ-ın konkret və məhdud hədəflərə yönəlmiş qısa müddətli əməliyyatlara üstünlük verməsi ehtimal olunur. Hazırda ABŞ üçün əsas məqsəd İran rejiminin ya dəyişdirilməsi, ya da daha çox nəzarət edilə bilən formaya salınmasıdır.

Nəticə etibarilə, vəziyyət son dərəcə mürəkkəb olaraq qalır və hərbi eskalasiya riski tam aradan qalxmasa da, əsas mübarizənin diplomatik və siyasi təzyiq müstəvisində davam edəcəyi ehtimalı daha yüksək qiymətləndirilir”.

//Gülnarə Abasova, Editor.az

Chosen
12
editor.az

1Sources