EN

Əmək Məcəlləsində yeniliklər nələrdir? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Beynəlxalq Əmək Təşkilatının 156, 131 nömrəli və digər konvensiyalarına, habelə beynəlxalq təcrübəyə uyğun olaraq hazırda qüvvədə olan əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının müdafiə mexanizmlərinin gücləndirilməsi, əmək münasibətlərində sosial yönümlü və çevik hüquqi tənzimləmənin daha geniş tətbiqi, eləcə də müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə əlavə olunması məqsədilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Eyni zamanda, bu dəyişikliklərin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq digər qanunvericilik aktları ilə uzlaşdırılması məqsədilə müvafiq normativ sənədlərdə də uyğun dəyişikliklər edilmişdir".

Bunu Banco.az-a açıqlamasında hüquqşünas Etibar Qarayev deyib.

Hüquqşunas bildirib ki, qısa olaraq qeyd edilən dəyişikliklərə nəzər saldıqda, Beynəlxalq Əmək Təşkilatının 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək “ailə vəzifələri olan işçi” anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilib: "Həmçinin BƏT-in 131 nömrəli Konvensiyasına uyğun olaraq “minimum əmək haqqı” anlayışı Əmək Məcəlləsinə yeni redaksiyada daxil edilmişdir.

Yeni redaksiyaya əsasən minimum əmək haqqı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi təsbit edilmişdir. Bu anlayışın yenilənməsi məhz 131 nömrəli Konvensiyanın 3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədi daşıyır.

Bundan əlavə, Əmək Məcəlləsinin 3-cü maddəsində istifadə olunan anlayışlar sırasına “ezamiyyət” anlayışı da daxil edilmişdir. Məcəllənin əvvəlki redaksiyasında işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi məqsədilə ezamiyyətə göndərmək hüququ və işçinin bununla bağlı razılığı məsələsi aydın şəkildə öz əksini tapmamışdı. Yeni redaksiyaya əsasən isə işəgötürən işçini ezamiyyətə göndərə bilər və bu zaman işçinin razılığı tələb olunmur".

"Həmçinin “məsafədən iş” (distant iş) anlayışı da Əmək Məcəlləsinə əlavə edilmişdir. Əvvəlki redaksiyada məsafədən işləyən şəxslərin əmək hüquqlarının tənzimlənməsində və işəgötürənlə əmək münasibətlərinin qurulmasında müəyyən çətinliklər mövcud idi. Yeni dəyişikliklərə əsasən məsafədən işin hüquqi anlayışı müəyyən olunmuş, eləcə də bu işçilərlə əmək müqaviləsinin şərtlərinin tərəflərin razılığı ilə müəyyən edilməsi və dəyişdirilməsi mümkün olmuşdur.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ilə bağlı məsələlərin tənzimlənməsi və təcrübədə yaranmış problemlərin aradan qaldırılması məqsədilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yeni redaksiyada verilmişdir. Bununla yanaşı, əvvəlki redaksiyada “əmək müqaviləsinin ləğv olunması” və “əmək müqaviləsinə xitam verilməsi” ifadələrinin paralel şəkildə istifadə olunması qanunvericilikdə ikilik yaradırdı. Yeni dəyişikliklərə əsasən “ləğv olunması” ifadəsi çıxarılmış və yalnız “xitam verilməsi” anlayışı saxlanılmışdır", - vəkil əlavə edib.

E. Qarayev bildirib ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olan müəssisənin ləğv edilməsi anlayışı da dəqiqləşdirilib: "Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyətinin dayandırılması “müəssisənin ləğvi” anlayışına uyğun gəlmirdi və bu əsasla xitam verilməsi mümkün olmurdu. Yeni redaksiyada bu uyğunsuzluq aradan qaldırılaraq “müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə” ifadəsi əlavə edilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 3-cü maddəsində “müəssisə” anlayışı daha da dəqiqləşdirilmiş, dövlət və bələdiyyə orqanlarının da bu anlayışa aid olduğu təsbit olunmuşdur.

Digər bir dəyişiklik hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliklə Əmək Məcəlləsi arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasına yönəlmişdir. Belə ki, hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinə əsasən işçiyə orta aylıq əmək haqqının iki misli məbləğində ödəniş nəzərdə tutulurdu. Halbuki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda bu məbləğ üç misli olaraq müəyyən edilmişdi. Yeni dəyişikliklə Əmək Məcəlləsi həmin qanuna uyğunlaşdırılmışdır.

Məzuniyyət hüquqları ilə bağlı da bir sıra dəyişikliklər edilmişdir. Belə ki, əmək məzuniyyəti zamanı işçiyə ödənilən məzuniyyət haqqının məbləği onun sonuncu əmək haqqından az olmamalıdır. Bu dəyişiklik, bəzi hallarda məzuniyyət haqqının son əmək haqqından az hesablanmasının qarşısını almaq məqsədi daşıyır".

Onun sözlərinə görə, digər dəyişiklik 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır: "Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq xüsusi xidmətləri olan şəxslər, o cümlədən Vətən müharibəsi qəhrəmanları üçün bu müddət nəzərdə tutulmuşdur. Yeni dəyişikliklərə əsasən 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan işçilər də bu kateqoriyaya daxil edilmişdir.

Bundan əlavə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, Ümumxalq hüzn günü və səsvermə günləri ilə bağlı tənzimləmə dəqiqləşdirilmişdir. Yeni redaksiyaya əsasən bu günlər məzuniyyət günlərinə daxil edilmir, ödəniş aparılmır və məzuniyyət həmin günlərin sayı qədər uzadılır. Eyni zamanda, Qurban və Ramazan bayramlarının digər iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi hallarında həmin günlər bir gün hesabı ilə nəzərə alınır.

Ümumilikdə, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər beynəlxalq əmək standartlarına uyğunlaşmanı, əmək münasibətlərinin mürəkkəbləşməsi fonunda yaranan boşluqların aradan qaldırılmasını və digər qanunvericilik aktlarının yeni redaksiyaya uyğunlaşdırılmasını məqsəd kimi müəyyən etmişdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
18
2
banco.az

3Sources