EN

Misirdə geotermal enerjinin inkişafı imkanları araşdırılır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 27 yanvar, AZƏRTAC

İsveç Misirin geotermal enerji sahəsinə investisiya yatırmaq istəyir. “Jordkraft Energy AB” şirkəti ilə Misirin Elektrik və Bərpaolunan Enerji Nazirliyi, eləcə də Yeni və Bərpaolunan Enerji üzrə Milli Komitəsi arasında bu layihə ilə bağlı danışıqlar və texniki müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin Misirdəki səfiri Dag Juhlin-Dannfelt “əl-Arabiyyə Business” saytına müsahibəsində deyib.

Səfir əlavə edib ki, Misir ərazisinin geoloji quruluşu ona geotermal enerji sahəsində böyük imkanlar verir. Belə ki, Misirdə Yer qabığının qalınlığı bir çox Avropa ölkəsi ilə müqayisədə daha azdır və bu da geotermal enerjidən istifadəni daha asan və daha ucuz edir. Səfirin sözlərinə görə, İsveçdə geotermal enerji mənbələri təxminən 2000 metr dərinlikdədir. Misirdə isə bunun üçün 500 metr dərinlik kifayətdir.

Diplomat vurğulayıb ki, ölkəsinin geotermal enerji imkanları ötən il 50 meqavat gücündə qiymətləndirilib. 2031-ci ilə qədər bu gücün 113 meqavata çatacağı gözlənilir.

Qeyd edilməlidir ki, 2025-ci ildə Misir Senatında ölkənin geotermal enerji ehtiyatlarının perspektivləri barədə geniş müzakirələr aparılıb və bu sahənin “2035-ci il Gələcəyə Baxış” sənədi çərçivəsində inkişafı təklif edilib. Misirin enerji strategiyasına görə, 2030-cu ilədək ölkənin enerji balansında bərpaolunan enerjinin payını 42 faizə çatdırmaq nəzərdə tutulur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
azertag.az

2Sources