EN

Coğrafiyaçı-alim: Su idarəçiliyində vahid siyasət zəruridir

Bakı, 27 yanvar, AZƏRTAC

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi su təchizatı sahəsində kompleks islahatların həyata keçirilməsini nəzərdə tutur.

Coğrafiya elmləri doktoru, professor Rza Mahmudov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda su idarəçiliyinin uğurlarından biri vahid su siyasətinin tətbiqi və çay hövzələrinin inteqrasiyalı idarə olunması ilə bağlıdır: “2010-cu ildə ölkəmizdə kəskin su artımı müşahidə olundu. Qar və yağış sularının çoxluğu nəticəsində hətta Mingəçevir su anbarı layihə həcmindən artıq doldu. Kür çayının aşağı axarında genişmiqyaslı subasma hadisələri baş verdi ki, bu da əhalinin köçürülməsinə və iqtisadiyyata ciddi təsir göstərdi. Bu, Mingəçevir su anbarının tarixində nadir və gözlənilməz hallardan biri idi. Lakin əksər dövrlərdə biz azsulu mərhələ yaşayırıq. Bu kimi problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Artıq elə bir mərhələyə çatdıq ki, sudan istifadəyə cavabdeh olan vahid bir təşkilatın yaradılmasına ehtiyac oldu və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Su sektorunda indiyədək müxtəlif qurumlar fəaliyyət göstərib ki, bu da su idarəçiliyində optimal imkanları məhdudlaşdırıb”.

Dövlət Proqram 2026–2035-ci illəri əhatə etməklə iki mərhələdə — 2026–2030 və 2031–2035-ci illərdə həyata keçiriləcək. Proqram çərçivəsində su və kanalizasiya infrastrukturu tam yenilənəcək, fasiləsiz su təminatı səviyyəsi 95 faizə çatdırılacaq. Nəticədə əhalinin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək.

Chosen
11
1
azertag.az

2Sources